“Lufthansa” yanacağa qənaət etmək məqsədilə 20 min reysi ləğv edib

Almaniyanın “Lufthansa” aviaşirkəti maydan oktyabra qədər planlaşdırılmış 20 min reysi yanacağa qənaət etmək məqsədilə ləğv edib. Bu barədə aviaşirkətin açıqlamasına istinadən “Financial Times” yazır.

İxtisar əsasən Münhen və Frankfurtdan olan rentabelli olmayan marşrutlara təsir edəcək. Şirkətin hesablamalarına görə, bu addım təxminən 40 min ton aviasiya yanacağına qənaət etməyə imkan verəcək. Qeyd edək ki, aviasiya yanacağının qiyməti Hörmüz boğazının bağlanmasından sonra iki dəfə artıb. Yay mövsümü üçün uçuş cədvəlinin dəqiq variantı aprelin sonu və ya mayın əvvəlində açıqlanacaq.

Beynəlxalq Enerji Agentliyinin məlumatına görə, regionda yanacaq ehtiyatları altı həftədən də az müddətə kifayət edir. Bu səbəbdən Avropa Komissiyası daşıyıcıları dəstəkləmək üçün ABŞ-dən aviasiya yanacağının alınması və uçuş-enmə zolaqlarından istifadə qaydalarının yumşaldılması imkanını nəzərdən keçirir.

Bundan əvvəl Almaniya kansleri Fridrix Merts ölkədə yanacaqla bağlı vəziyyəti müzakirə etmək üçün Milli Təhlükəsizlik Şurasını çağırmaq niyyətində olduğunu bəyan edib. Onun sözlərinə görə, ölkəyə kerosin, dizel və benzin tədarükləri sabit olaraq qalır, lakin vəziyyət gərgin kimi qiymətləndirilir.

Son xəbərlər
Digər xəbərlər