ABŞ administrasiyası İraqa nağd dollar göndərişini dayandırıb və ölkənin silahlı qüvvələri ilə təhlükəsizlik sahəsində əməkdaşlıq proqramlarını dondurub. Vaşinqton Bağdaddan İranyönlü silahlı qruplara qarşı təzyiqi artırmağı tələb edir. Bu barədə “The Wall Street Journal” (WSJ) iraqlı və amerikalı rəsmilərə istinadən yazır.
2023-cü ildə İraqa müdaxilədən sonra ABŞ İraqın neft satışından əldə etdiyi gəlirlərin Nyu-York Federal Ehtiyat Bankında saxlanmasına razılaşıb. ABŞ hakimiyyəti hər il İraq iqtisadiyyatını dəstəkləmək üçün ölkəyə təxminən 13 milyard dollar nağd vəsait göndərir.
Rəsmilərin sözlərinə görə, ABŞ Maliyyə Nazirliyi yaxın zamanda təxminən 500 milyon dolların yük təyyarəsi ilə İraqa çatdırılmasını bloklayıb. WSJ qeyd edir ki, bu, ABŞ-İran hərbi münaqişəsinin başlanmasından bəri belə hallardan biridir. Vaşinqton həmçinin Bağdadı bəzi antiterror proqramlarının və hərbi hazırlıq layihələrinin maliyyələşdirilməsinin dayandırılması barədə məlumatlandırıb.
Bu tədbirlər İraqda və qonşu ölkələrdə ABŞ obyektlərinə qarşı hücumlar dayandırılana və İraq hakimiyyəti silahlı qruplaşmaların ləğvi istiqamətində addımlar atana qədər qüvvədə qalacaq.
Aprelin 21-də İran İslamabadda ABŞ ilə danışıqlarda iştirakdan imtina edib. Buna baxmayaraq, həmin gün Donald Tramp danışıqlar başa çatana qədər İranla atəşkəs rejiminin uzadıldığını elan edib.






