Xarici ticarətdən büdcəyə daxilolmalar azalıb

Azərbaycanda 2026-cı ilin yanvar–iyul aylarında xarici iqtisadi fəaliyyətlə bağlı vergilərdən dövlət büdcəsinə 1 milyard 58,4 milyon manat daxil olub. Bu, ötən ilin eyni dövründəki 1 milyard 68,9 milyon manatla müqayisədə 10,5 milyon manat və ya 1% azdır.

Banker.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu vergilərin büdcə gəlirlərində payı illik müqayisədə 4,55%-dən 4,49%-ə, ÜDM-də payı isə 1,5%-dən 1,4%-ə düşüb.

Büdcə təsnifatında xarici iqtisadi fəaliyyətlə bağlı vergilər əsasən gömrük rüsumlarını əhatə edir. Hökumət 2026-cı ildə gömrük rüsumlarından büdcəyə 1 milyard 818 milyon manat daxilolma proqnozlaşdırıb. Beləliklə, ilin ilk yeddi ayında illik planın 58,2%-i icra olunub. İlin qalan beş ayında proqnozun tam təmin edilməsi üçün daha 759,6 milyon manat toplanmalıdır.

Daxilolmaların azalması idxalın kəskin gerilədiyi dövrə təsadüf edib. 2026-cı ilin yanvar–iyul aylarında Azərbaycanın idxalı illik müqayisədə 27,4% azalaraq 9 milyard 880,7 milyon dollara düşüb. Ümumi xarici ticarət dövriyyəsi isə ixracdakı artım hesabına 6,9% yüksələrək 30 milyard dollara çatıb.

Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər