Avropa Şurası Rusiyaya qarşı 20-ci sanksiyalar paketini və Ukraynaya 90 milyard avro məbləğində kredit ayrılmasını rəsmi şəkildə təsdiqləyib.
“Ukraynada ədalətli və davamlı sülhə nail olmaq üçün Aİ-nin strategiyası iki əsas sütuna əsaslanır: Ukraynanın gücləndirilməsi və Rusiyaya təzyiqin artırılması. Bu gün biz hər iki istiqamətdə irəliləyiş əldə etdik”, — mesajda deyilir.
Aİ səfirləri kreditin ayrılmasını və yeni sanksiyaları bir gün əvvəl, Macarıstanın tətbiq etdiyi vetonu götürməsindən sonra təsdiqləyiblər.
Avropa Komissiyası 20-ci sanksiyalar paketinin layihəsini fevralın əvvəlində təqdim etmişdi. İlkin plana əsasən, paketə Rusiya neftinin dəniz yolu ilə daşınmasına tam qadağa, “kölgə donanması” adlandırılan 43 tankerə qarşı məhdudiyyətlər və Rusiya ilə kriptovalyuta əməliyyatlarına məhdudiyyətlər daxil idi. Aprelin 22-də Avropa Komissiyası neft daşımalarına qadağanı paketdən çıxarıb.





