Netflix öz səhmlərinin daha 25 milyard dollar həcmində geri alınacağını açıqlayıb. Bu qərar striminq bazarının pionerinin səhm qiymətlərini aşağı salan məyusedici proqnozdan sonra verilib. Şirkətin direktorlar şurası 2024-cü ilin dekabrında təsdiqlənmiş əvvəlki proqrama əlavə olaraq yeni baybek proqramını da təsdiqləyib. Həmin əvvəlki proqram çərçivəsində geri alış üçün hələ 6,8 milyard dollar qalırdı. Hər iki proqramın müddəti məhdudlaşdırılmayıb. Hazırda şirkətin bazar kapitallaşması 392,6 milyard dollar təşkil edir. Xəbərdən sonra Netflix-in səhmləri cümə axşamı ticarətində 1,2% bahalaşıb.
Bu niyə vacibdir?
Açıqlama 16 apreldə dərc olunmuş birinci rüb hesabatından cəmi bir neçə gün sonra verilib. Güclü nəticələrə baxmayaraq, Netflix növbəti rübdə hər səhmə düşən mənfəətin 0,84 dollarlıq konsensus proqnozuna qarşı 0,78 dollar olacağını, gəlirin isə Uoll-Stritin gözlədiyi 12,64 milyard dollara qarşı 12,57 milyard dollar səviyyəsində olacağını proqnozlaşdırıb. Həmin gün şirkətin səhmləri 9,7% ucuzlaşıb ki, bu da son altı ayın ən böyük enişi olub. Hesabatın dərcindən bəri isə Netflix səhmləri ümumilikdə 13%-dən çox dəyər itirib.
Səhm qiymətlərinə əlavə təzyiq göstərən digər amil isə Netflix-in fevral ayında çıxdığı Warner Bros. Discovery-nin striminq və studiya biznesi uğrunda mübarizə idi. İnvestorlar Netflix-in borc yükünün potensial artımından narahat idilər. Şirkət bu sövdələşmənin baş tutmamasına görə Paramount Skydance-dən 2,8 milyard dollar həcmində kompensasiya, yəni breakup fee alıb.
Başqa nə var?
İri sövdələşmədən imtina, zəif proqnoz və direktorlar şurasının sədri, eyni zamanda həmtəsisçi olan Rid Hastings-in gedişi şirkətin gələcək artım mənbələri ilə bağlı şübhələri daha da gücləndirib. Şirkət vurğulayıb ki, Hastings-in ayrılması Warner Bros. Discovery ilə mümkün sövdələşmə cəhdi ilə bağlı deyil.
“Kimsə bunun arxasında gizli intriqa axtarırdısa, belə bir şey yoxdur. Rid sövdələşmənin əsas tərəfdarlarından biri idi və direktorlar şurası onu yekdilliklə dəstəkləmişdi”, — Ted Sarandos bildirib.
Onun istefası ilə bağlı xəbər son hesabatın açıqlanması tarixi ilə eyni günə təsadüf edib.
Hastings Netflix-in poçtla DVD icarəsi xidməti kimi fəaliyyətə başlamasını maliyyələşdirib və 1999-cu ildə həmtəsisçi Mark Randolph-u əvəz edərək CEO postuna keçib. O, şirkəti Blockbuster Video ilə rəqabətdən keçirib və Netflix-in striminq modelinə keçidinin əsas memarına çevrilib.
Onun rəhbərliyi altında şirkət 190-dan çox bazara çıxıb və ənənəvi studiyaları geridə qoyaraq dünyanın ən böyük qlobal əyləncə platformasına çevrilib. 2023-cü ildə Hastings CEO vəzifəsindən ayrılıb və idarəetməni Ted Sarandos ilə Greg Peters-ə təhvil verib.







