“Qala Sığorta” ASC-nin 2026-cı ilin I rübündə xalis mənfəəti 2.89 mln. manat təşkil edib ki, bu da 2025-ci ilin eyni dövründəki 4.46 mln. manatla müqayisədə 35.21% azalmadır. Banker.az bunu şirkətin hesabatına istinadən xəbər verir.
Əlavə olaraq bölüşdürülməmiş mənfəətdən götürülmə səbəbindən həcm 2025-ci ilin birinci rübündəki 25.73 mln. manat bu ilin müvafiq perioduna 14.09 mln. manata düşüb. Nəticədə kapital buferinin həcmi son bir ildə 18.29 mln. manatdan 3.66 mln. manata yuvarlanıb.
Mənfəətin azalmasına əsas təsir göstərən ümumi gəlirlərin 18.73% azalaraq 20.77 mln. manata düşməsi və əsas əməliyyat gəlirlərində ciddi enişin qeydə alınması olub. Eyni zamanda, xalis sığorta ehtiyatlarının dəyişməsi üzrə müsbət təsir (əvvəlki ildə mənfi 2.93 mln. manat olduğu halda cari ildə 5.92 mln. manat) zərərin bir hissəsini kompensasiya etsə də, ümumi nəticədə azalmanın qarşısını ala bilməyib.
Hesabat dövründə “Qala Sığorta”nın xərclər isə 17.16 mln. manat səviyyəsində formalaşıb və 14.12% azalıb.
Sığortaçının əmlak sığortasında hesablanmış sığorta haqları 7.62 mln. manat təşkil edib ki, bu da 2025-ci ilin eyni dövrü ilə müqayisədə 82.36% azalmadır (ötən ilin analoji dövründə 43.26 mln. manat idi). Sığortaçı Azərbaycanda böyüməkdə olan icbari avto-sığorta bazarında mövqe itirdiyi müşahidə edilir. Məsələn, keçən il 4.64 mln. manatlıq AVİSMİS sığortası üzrə yığımlar bu il 1.44 mln. manat azalıb. İcbari-avto sığortada bazarındakı yüksələn zərərlilik “Qala Sığorta”dan da yan keçməyib. Şirkətin bu istiqamətdəki ödənişlərinin yüksəlməsi onun üçün daralan bazarda zərərlilik əmsalını son bir ildə 108%-dən 128%-ə qaldırıb.
Tibbi sığorta üzrə isə sığorta haqları 1.49 mln. manatdan 1.2 mln. manata enərək 19.5% azalıb. Paralel olaraq sığorta ödənişlərinin yüksəlməsi zərərlilik dərəcəsinin 82.33%-dən 98.15%-ə qalxmasına gətirib çıxarıb.
İnvestisiya əməliyyatlarında isə ümumi portfel 55.23 mln. manat təşkil edib və illik müqayisədə 25.71% azalıb. Azalma əsasən dövlət istiqrazlarında 40.77 mln. manatlıq kəskin enişlə bağlıdır. Bunun əksinə olaraq, qeyri-dövlət istiqrazları və depozitlərdə artım müşahidə olunub. İnvestisiya gəlirləri isə 1.15 mln. manat təşkil edib və 13.06% azalıb ki, bu da portfel strukturundakı dəyişikliklər və gəlirli aktivlərin payının azalması ilə əlaqələndilir. İstiqrazlarla bağlı vacib məqam budur ki, əslində dövlət qiymətli kağız buraxmasında son bir ildə daha maraqsız görünür. Bu bazar əslində özü kiçilib bir qədər.
Bütün bu geriləmələr fonunda sığorta şirkətinin bir neçə pozitiv göstəricisi qalmaqdadır. Onlardan biri də şikayət indeksidir. Mərkəzi Bank tərəfindən ölçülən müştəri məmnuniyyətində şirkət “yaşıl zona”da qərar tutub, yəni az şikayət olunanların içində mövqeyini möhkəmləndirib.






