“Intel” səhmləri 24 aprel tarixində NASDAQ birjasında premarket ticarətdə 23,4% artaraq pikdə 82,38 dollara çatıb. 23 aprel əsas sessiyanın sonunda isə səhmlər 66,78 dollar (+2,3%) səviyyəsində olub.
CNBC və “Bloomberg” yazır ki, “Intel” 2026-cı ilin birinci rübü üzrə analitik proqnozlarını xeyli üstələyən maliyyə nəticələri və gözləniləndən yüksək satış proqnozu açıqlayıb. Bu, uzun müddət çətinliklərlə üzləşən çip istehsalçısının nəhayət süni intellekt sahəsində investisiyalardan fayda əldə etməyə başladığını göstərir.
Şirkətin rüblük gəliri illik müqayisədə 7% artaraq 13,6 milyard dollara çatıb, səhm üzrə düzəldilmiş mənfəət isə 0,29 dollar olub. Bu göstəricilər “London Stock Exchange Group” (LSEG) analitiklərinin gözləntilərindən xeyli yüksəkdir (müvafiq olaraq 12,42 milyard dollar və 0,01 dollar). Bununla belə, “Intel” hələ də zərərlə işləyir: xalis zərər demək olar ki, beş dəfə artaraq 4,28 milyard dollara yüksəlib.
İkinci rüb üçün şirkət 13,8–14,8 milyard dollar gəlir gözləyir, halbuki analitiklər orta hesabla 13 milyard dollar proqnozlaşdırırdılar. Səhm üzrə mənfəətin isə təxminən 0,20 dollar olacağı gözlənilir (analitiklər — 0,09 dollar).
Ən böyük artım məlumat mərkəzləri seqmentində qeydə alınıb: bu bölmənin gəliri 22% artaraq 5,1 milyard dollara çatıb. CNBC qeyd edir ki, süni intellekt bumunun təsiri ilə mərkəzi prosessorlara (CPU) tələbat artıb. Əvvəllər əsasən “Nvidia” tərəfindən istehsal olunan qrafik prosessorlar (GPU) istifadə olunurdu, lakin AI agentləri daha çox hesablama gücü tələb etdiyindən CPU-lara maraq yenidən yüksəlib.
“Intel”in baş direktoru Lip-Bu Tan bildirib ki, CPU süni intellekt dövrünün əsas elementinə çevrilir və müştərilərdən gələn tələbat çox yüksəkdir.
Şirkətin strategiyası digər oyunçulardan fərqlənir: “Intel” həm çipləri dizayn edir, həm də özü istehsal edir. Halbuki bir çox şirkətlər istehsal üçün TSMC kimi podratçılara müraciət edir. “Intel Foundry” bölməsinin gəliri 16% artaraq 5,4 milyard dollara çatıb.
Gələcəkdə “Intel” üçün iri müştərilərdən biri İlon Mask ola bilər. CNBC yazır ki, tərəflər artıq “SpaceX”, “xAI” və “Tesla” üçün çip istehsalını nəzərdə tutan “Terafab” layihəsi çərçivəsində əməkdaşlıq elan ediblər. Mask “Intel”in 14A texnologiyasından istifadə etməyi planlaşdırdığını bildirib.






