Borca görə ölkədən çıxışa hansı hallarda məhdudiyyət qoyula bilər?

Banka borcun olması və ya həmin borcun hələ ödənilməməsi vətəndaşın ölkədən çıxışına avtomatik qadağa qoyulması üçün təkbaşına əsas sayılmır. Belə məhdudiyyət yalnız məhkəmə qərarı əsasında və borcun üzürsüz səbəbdən ödənilməməsi sübut olunduqda tətbiq edilə bilər.

Bəzən vətəndaşlar ölkədən çıxışlarına məhdudiyyət qoyulduğunu yalnız hava limanında və ya sərhəddə öyrənirlər.

Hüquqşünas Əkrəm Həsənov bildirir ki, belə qadağanı nə bank, nə də icra məmuru birbaşa tətbiq edə bilər. Ölkədən çıxışa məhdudiyyət yalnız məhkəmə qərarı ilə mümkündür.

Başqa sözlə, əsas məsələ borcun olması yox, həmin borcun hansı səbəbdən ödənilməməsidir. Əgər vətəndaşın real imkanı yoxdursa, yaxud borc artıq onun maaşından və ya pensiyasından tutulursa, bu halda onun borcdan yayınması kimi qiymətləndirilməsi də mübahisə mövzusudur. Hüquqşünasın sözlərinə görə, “üzürsüz səbəb” anlayışı şəxsin imkanı ola-ola borcu ödəməməsi deməkdir. Yəni icra qurumu məhkəmədə sübut etməlidir ki, vətəndaşın ödəmə imkanı var, amma buna baxmayaraq, borcu ödəməkdən yayınır.

Qeyd edək ki, borcun elə hava limanında onlayn ödənilməsi də çıxış məhdudiyyətini dərhal aradan qaldırmır. Çünki sistemdəki qadağa yalnız müvafiq icra məmuru tərəfindən götürülür. Hüquqşünaslar tövsiyə edirlər ki, borcu olan şəxslər səfərdən əvvəl barələrində ölkədən çıxış məhdudiyyəti olub-olmadığını dəqiqləşdirsinlər.

Son xəbərlər
Digər xəbərlər