“Azərbaycan Sənaye Sığorta” ilk rübü də zərərlə bitirdi

“Azersun Holding”ə yaxın olan “Azərbaycan Sənaye Sığorta” ASC 2026-cı ilin birinci rübünü 94.1 min manat xalis zərərlə başa vurub ki, bu da ötən ilin eyni dövründəki 386.4 min manatlıq mənfəətlə müqayisədə kəskin geriləmə deməkdir.

Banker.az bunu şirkətin təqdim etdiyi hesabata istinadən xəbər verir.

Hesabatı analiz etdikdə məlum olur ki, mənfəətin zərərə çevrilməsinin əsas səbəbi gəlirlərin azalması fonunda sığorta ehtiyatlarının formalaşması üçün ayrılan vəsaitlərin artmasıdır. Bu mənfi dinamika şirkətin bölüşdürülməmiş mənfəətinə də təsir edib. Belə ki, ötən ilin mart ayında 1.8 milyon manat olan bu bölüşdürülməmiş mənfəət, cari dövrün sonunda 1.51 milyon manat yığılmış zərər kimi yer alıb.

Məlumat kimi əlavə edək ki, şirkət 2025-ci ili də 2.59 mln. manat xalis zərərlə başa vurub.

“Azərbaycan Sənaye Sığorta”nın ümumi gəlirləri ilk üç ayda 9 mln. manat təşkil edib ki, bu da illik müqayisədə 19.6% artım deməkdir. Bununla yanaşı, xərclər daha sürətli – 29.3% artaraq 9.09 mln. manata yüksəlib. Nəticədə gəlir artımı xərclərin artım tempini kompensasiya edə bilməyib və bu da maliyyə nəticəsinə mənfi təsir göstərib.

Biznes əməliyyatları üzrə əsas göstəricilərdən biri olan hesablanmış sığorta haqları 9.12 mln. manat təşkil edib və illik müqayisədə 5.6% artıb. Bununla belə, zərərlər üzrə ödənişlər 4.14 mln. manata çataraq 47.2% yüksəlib ki, bu da sığorta fəaliyyətinin rentabelliyinə ciddi təzyiq yaradıb. Zərərlilik səviyyəsinin artması ümumi əməliyyat nəticələrinin pisləşməsində əsas amillərdən biri olub.

Əmlak sığortası portfelində artım qeydə alınıb. Bu seqment üzrə hesablanmış haqlar 2.14 mln. manata çataraq illik müqayisədə təxminən 7% artıb.

Şəxsi sığorta seqmentində isə zəifləmə var. Bu kateqoriya üzrə haqlar 2.18 mln. manat təşkil edib və illik müqayisədə təxminən 4.8% azalıb.

İcbari avto-sığorta isə ən böyük portfel olaraq qalır və burada artım daha nəzərəçarpandır. Bu sahədə haqlar 3.97 mln. manata yüksələrək illik müqayisədə təxminən 17.9% artım göstərib. Ümumi icbari avto-sığorta üzrə zərərlilik bu şirkətdən də yan keçmir. Şirkətin zərərlilik əmsalı 110.95% olub. Misal üçün bu, keçən ilin eyni dövründə 106.96% idi. İcbari-avto-sığortadan ilk rübdə 30 şikayət qəbul edib, özlərinin dediyinə görə bu şikayətlər hamısı həll edilib.

Şirkətin xalis investisiya mənfəəti 572 min manat təşkil edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 14.4% artım deməkdir.

Xatırladaq ki, ASC 2008-ci ildə yaradılıb, 1996-cı ildən sığorta bazarına daxil olmuş “Cİ Sığorta” MMC-nin hüquqi varisidir. Onun nizamanmə kapitalı 11 milyon manatdır. Şirkətin səhmlərinin 95%-i “Anadolu İnvestment Company” MMC-yə, 5%-i isə “Azərbaycan Sənaye Bankı” ASC-yə məxsusdur.

 

Son xəbərlər
Digər xəbərlər