Britaniya şirkəti Shell neft və təbii qaz hasilatı ilə məşğul olan Kanadanın ARC Resources şirkətini satın aldığını açıqlayıb. Əsasən səhmlərlə ödəniləcək bu sövdələşmə, borc öhdəlikləri də nəzərə alınmaqla, 16,4 milyard dollar dəyərində qiymətləndirilir, Reuters yazır. Bu, Shell-in 2015-ci ildə qaz nəhəngi BG-ni almasının ardından ən böyük alışıdır.
ARC-nin alınması Shell-in hasilatını gündəlik 2,8 milyon barel neft ekvivalentindən əlavə 370 min barel neft ekvivalenti artıracaq. Ekspertlər və Shell-in analitikləri son dövrlərdə mövcud yataqların tükənməsi səbəbilə şirkətin yeni aktivlər tapmalı olduğunu vurğulayırdılar.
Shell bildirib ki, fəaliyyətinin 60%-i qaz, 40%-i isə neft hasilatına yönəlmiş ARC-nin alınması nəticəsində şirkət Kanadadakı mövcudluğunu genişləndirəcək və resurs bazasını “bir neçə onillik irəli” gücləndirəcək. ARC-nin bir sıra müəssisələri artıq Shell-in Kanadadakı mövcud yataqlarına yaxın ərazilərdə fəaliyyət göstərir. Bu müəssisələr Shell-in 40% paya sahib olduğu LNG Canada zavodunu qazla təmin edir. Bu zavoddan ixrac olunan mayeləşdirilmiş təbii qaz əsasən Asiya bazarlarına göndərilir.
Əgər hər iki şirkətin səhmdarları, eləcə də Şimali Amerika və Avropadakı tənzimləyici orqanlar sövdələşməni təsdiqləsələr, onun cari ilin ikinci yarısında başa çatdırılması gözlənilir.







