Azərbaycanda kredit kartları üzrə orta faiz 27%-ə çatdı – Bu son illərin ən yuxarı göstəricisidir

Azərbaycanda istehlak kreditləri üzrə sektorun orta faiz dərəcələri 2025-ci ilin sonu ilə müqayisədə əsasən sabit qalıb, lakin kredit kartları üzrə fərqli dinamika müşahidə olunub. Bu seqmentdə orta faiz dərəcəsinin 30%-ə çatmasına cəmi 3 faiz bəndi qalır.

Banker.az bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir. Kredit kartları vasitəsilə verilən kreditlər üzrə orta faiz dərəcəsi 26%-dən 27%-ə yüksəlib ki, bu da tənzimləyicinin 2019-cu ildən etibarən açıqladığı göstəricilər arasında ən yüksək səviyyədir. Müqayisə üçün, 2025-ci ilin eyni dövründə kartla verilən kreditlər üzrə faiz dərəcəsi 25% təşkil edib.

Digər istehlak kreditləri üzrə orta faiz dərəcəsi 22%-dən 21%-ə enib. Məişət avadanlıqlarının alınması ilə bağlı kreditlər üzrə faiz dərəcəsi 26%, yaşayış sahəsinin təmiri ilə bağlı kreditlər üzrə 18%, avtomobil kreditləri üzrə isə 13% səviyyəsində rüblük dəyişməz qalıb.

Bəzi kreditlərin orta faizləri illik müqayisədə artıb. 2025-ci ilin birinci rübündə yaşayış sahəsinin təmiri ilə bağlı kreditlər üzrə 16% və avtomobil kreditləri üzrə isə 12% səviyyəsində idi.

Azərbaycanda istehlak kreditlərinin artım tempi 2025-ci ildə əvvəlki dövrlərlə müqayisədə zəifləişdi. Mərkəzi Bankın açıqladığı məlumata görə, həyata keçirilən makroprudensial siyasət əhalinin daha sağlam və məsuliyyətli borclanmasını təşviq etməyə yönəlib.

65576

Mərkəzi Bankın Maliyyə sabitliyi departamentinin 2025-ci il üzrə hesabatında qeyd olunur ki, istehlak kreditləri portfelinin illik artım tempi 10.8% təşkil edib. Bu göstərici əvvəlki dövrlərdə müşahidə olunan artım dinamikasından aşağıdır. Bu cari ilin ilk rübündə illik 10.3%-dir. İstehlak kreditlərinin ümumi həcmi 31 mart 2026-cı il tarixinə 9 milyard 490.9 mln. manat təşkil edib. Bu göstərici 31 dekabr 2025-ci il tarixində 9 milyard 354.2 mln. manat idi.

Bu regulyativ tədbirlər fonunda kredit kartlarının sayı da aybaay düşür. Məsələn 2026-cı rübündə kredit kartlarının sayı isə 9% azalaraq 2 milyon 278 min ədəddən 2 milyon 71 min ədədə düşüb.

AMB-nin ötən ilə dair hesabatda bildirilir ki, tətbiq edilən 5 qat limit tənzimləməsi kredit kartlarının istifadə olunmamış hissəsinin azalmasına təsir göstərib. Bu çərçivədə borcalanın kredit kartı limiti onun xalis vergidən sonrakı gəlirinin maksimum 5 misli ilə məhdudlaşdırılıb. Nəticədə kredit kartlarının istifadə olunmuş hissəsi sabit qalsa da, istifadə olunmamış hissə 11% və ya 220 mln. manat azalıb, eyni zamanda kredit kartlarının sayı 6% və ya 137 min vahid azalıb.

Mərkəzi Bank bildirir ki, bu dəyişikliklər gələcək dövrdə izafi borclanmanın qarşısının alınmasına və daha dayanıqlı kredit bazarının formalaşmasına xidmət edir.

Digər tərəfdən, 2025-ci ildə uçot faiz dərəcəsi 0.5 faiz bəndi azaldılsa da, bu yumşalma kredit bazarında tam əksini göstərməyib. Kredit kartları üzrə orta faiz dərəcəsi 26% səviyyəsində sabit qalıb, məişət avadanlıqları kreditlərində 25%-dən 26%-ə, yaşayış təmiri kreditlərində 16%-dən 18%-ə, avtomobil kreditlərində isə 10%-dən 13%-ə yüksəlib. Digər istehlak kreditləri üzrə faiz dərəcəsi də 20%-dən 22%-ə qədər artıb.

 

Son xəbərlər
Digər xəbərlər