Qazaxıstan 2027-ci ildən etibarən Rusiyadan elektrik enerjisi idxalından imtina edə bilər.
Bu barədə Qazaxıstanın energetika nazirinin müavini Sunqat Yesimxanov məlumat verib.
Onun sözlərinə görə, ölkədə energetika güclərinin inkişafı nəticəsində enerji balansında yaranan kəsir tədricən aradan qaldırılır. Hazırda Qazaxıstanda elektrik enerjisi istehsalı ilə tələbat arasında fərq bu il üçün təxminən 1–1,2 milyard kilovat-saat səviyyəsində proqnozlaşdırılır. Bu göstəricinin 2027-ci ilə qədər sıfıra endirilməsi planlaşdırılır.
Yesimxanov əlavə edib ki, 2024-cü ildə ölkədə elektrik enerjisi qıtlığı 2,1 milyard kilovat-saat, ötən il isə təxminən 1,5 milyard kilovat-saat təşkil edib.
Məlumata görə, Rusiyanın “İnter RAO” şirkəti 2026-cı ilin yanvar–mart aylarında elektrik enerjisi ixracını 5,8 faiz artıraraq 2,12 milyard kilovat-saata çatdırıb. İxracın əsas hissəsi Qazaxıstan və Gürcüstanın payına düşüb.
Eyni dövrdə elektrik enerjisi idxalı 3,7 faiz azalaraq 520 milyon kilovat-saata enib. Şirkətin bu ilin birinci rübündə gəliri 34,9 faiz artaraq 18,5 milyard rubl təşkil edib. İxracdan əldə olunan gəlir isə 43,3 faiz artımla 11,5 milyard rubla yüksəlib.






