“Samsung Electronics” materik Çində məişət texnikası və televizor istiqamətini mərhələli şəkildə dayandırmaq qərarı barədə tərəfdaşlarını məlumatlandırıb. Bu barədə sənaye mənbələrinə istinadən “Khan.co.kr” nəşri yazıb.
“Seoul Economic Daily” qəzetinin məlumatına görə, “Samsung China Investment Corporation” əməkdaşlarla da brifinq keçirib. Şirkət ölkədə televizor və məişət texnikası satışını dayandıracaq, lakin tibbi avadanlıqlar, mobil cihazlar və yarımkeçiricilər istiqamətlərini saxlayacaq.
Şirkət həmçinin Suçjou şəhərində yerləşən zavodunda televizor və məişət texnikası istehsalını davam etdirməyi planlaşdırır.
Aprel ayının sonunda “Nikkei Asia” mənbələrə istinadən xəbər vermişdi ki, “Samsung Electronics” Çin məişət texnikası və televizor bazarından çıxmaq imkanını nəzərdən keçirir. Məlumata görə, şirkət texnika ehtiyatlarını tədricən satacaq və əməliyyatlarını 2026-cı ildə başa çatdıracaq. Şirkətin özü isə hələ yekun qərar vermədiyini bildirmişdi.
“Seoul Economic Daily” qeyd edir ki, “Samsung” 2000-ci illərdə yerli bazarda fəal şəkildə mövqelərini gücləndirsə də, sonradan “Xiaomi”, “TCL” və “Hisense” kimi Çin brendlərinə uduzmağa başlayıb.
“Runto Technology”nin məlumatına görə, 2025-ci ildə Çində göndərilən 32,89 milyon televizordan “Samsung” və digər xarici brendlərin payına 1 milyondan az hissə düşüb. “AVC Revo” hesablamalarına əsasən isə “Midea” və “Haier” kimi yerli şirkətlər Çinin məişət texnikası bazarının 62%-nə sahib olub.
2025-ci ildə Çin şirkətlərinin qlobal televizor satışlarındakı payı 31,9%, “Samsung” və “LG” şirkətlərinin payı isə 30,4% təşkil edib. Müqayisə üçün, 2016-cı ildə bu göstəricilər müvafiq olaraq 16% və 35% idi.






