“Şərq-Qərb” ASC-nin xalis mənfəəti 2025-ci ildə illik müqayisədə 20% azalaraq 675.7 min manat təşkil edib. Mənfəətdəki azalma əsasən əsas əməliyyat gəlirlərinin 12.55% geriləyərək 10.24 mln. manata düşməsi və satışın maya dəyərinin 79.87% artaraq 8.99 mln. manata yüksəlməsi ilə bağlı olub. Nəticədə ümumi mənfəət 81.3% azalaraq 1.26 mln. manata enib.
Banker.az xəbər verir ki, bu barədə şirkətin hesabatında qeyd edilir.
Buna baxmayaraq, kommersiya xərclərinin 90.88% azalaraq 60.9 min manata, inzibati xərclərin isə 94.15% azalaraq 290.4 min manata düşməsi əməliyyat mənfəətindəki azalmanı məhdudlaşdırıb. Şirkətin bölüşdürülməmiş mənfəəti hesabat dövrünün sonunda xalis mənfəət həcmində formalaşıb.
Şirkətin ümumi gəlirləri 10.24 mln. manat olub ki, bu da illik müqayisədə 12.55% azalma deməkdir. Eyni dövrdə ümumi xərclər, əsasən satışın maya dəyərinin artması fonunda yüksəlib.
Satışın maya dəyərinin strukturunda ən böyük payı 3.33 mln. manatla material xərcləri təşkil edib ki, bu da əvvəlki ildəki 5 mln. manat səviyyəsindən aşağıdır. Əmək haqqı xərcləri 3.1 mln. manat, sosial sığorta haqları 575.6 min manat, royalti xərcləri 1.18 mln. manat, amortizasiya xərcləri isə 599.7 min manat olub. Enerji xərcləri 202.6 min manat səviyyəsində qeydə alınıb.
2023-cü ildə “Şərq-Qərb” ASC 1 milyon manat xalis mənfəət əldə etmişdi.
Ötən ilin xalis mənfəətindən sonra bölüşdürlməmiş mənfəətin həcmi 9.3 mln. manat təşkil edib. Əlavə olaraq bildirək ki, , “Şərq-Qərb” ASC səhmdarlarının növbəti illik ümumi yığıncağı 20 iyun 2026-cı il saat 11:00-da keçiriləcək. Yığıncağın gündəliyinə ASC-nin 2025-ci il üzrə illik və maliyyə hesabatlarının təsdiqi, müfəttişin növbəti müddətə təyin edilməsi, 2025-ci il üzrə mənfəət və zərərin bölüşdürülməsi, dividend məsələsi və digər cari məsələlər daxildir.
“Şərq-Qərb” Açıq Səhmdar Cəmiyyəti 1986-cı ildən etibarən dövlət müəssisəsi olaraq 4 nömrəli Bakı kitab mətbəəsi kimi fəaliyyətə başlamışdır. 2001-ci ildə müəssisənin təşkilati-hüquqi forması dəyişdirilmiş və o, “Şərq-Qərb” Açıq Səhmdar Cəmiyyətinə (ASC) çevrilmişdir.
Əsas fəaliyyət növü nəşr və çap işləri olan “Şərq-Qərb” ASC-nin tərkibində Nəşriyyat Departamenti və Mətbəə fəaliyyət göstərir.







