“SpaceX” şirkətinin qurucusu İlon Mask bir il ərzində 10 milyard dollar vergi ödədiyini bildirib. Dünyanın ən varlı şəxsi bu barədə “X” sosial şəbəkəsində yazıb.
“Bir il ərzində 10 milyard dollar vergi ödəmişəm — bu, tarixdə hər kəsdən çoxdur”, — deyə Mask qeyd edib.
Maskın sözlərinə görə, vəfatından sonra onun əmlakına əlavə olaraq 40%-lik vergi tətbiq olunacaq. O hesab edir ki, ümumilikdə “trilyonlarla dollar vergi” ödənilməli olacaq.
Bundan əvvəl milyarder bildirib ki, bir dəfə o qədər böyük məbləğdə vergi ödəyib ki, bu, ABŞ Vergi Xidmətinin (IRS) kompüter sistemində nasazlıq yaradıb. “Məlumatları emal etmək üçün proqram təminatını yeniləmək lazım gəldi”, — deyə biznesmen əlavə edib və rəqəmlərin “həddindən artıq böyük” olduğunu vurğulayıb.
“Forbes” jurnalının mart ayında dərc etdiyi reytinqə əsasən, İlon Mask ardıcıl ikinci ildir dünyanın ən varlı insanları siyahısına başçılıq edir. Nəşrin məlumatına görə, onun sərvəti 839 milyard dollar qiymətləndirilir ki, bu da ötənilki göstəricidən (342 milyard dollar) iki dəfədən çoxdur.
İkinci və üçüncü yerləri Larri Peyc və Sergey Brin tutublar — onların sərvəti müvafiq olaraq 257 milyard və 237 milyard dollar təşkil edir. Dördüncü sırada isə Ceff Bezos qərarlaşıb — onun sərvəti 224 milyard dollar olaraq qiymətləndirilir.







