2026-cı ildə qlobal informasiya texnologiyaları (İT) xərclərinin 13,5% artaraq $6,3 trilyonu keçəcəyi gözlənilir. Bu barədə “Gartner” tədqiqat şirkətinin press-relizində bildirilir.
“Gartner”in aparıcı analitiki Con-David Lavlok hesab edir ki, bu proqnoz süni intellekt infrastrukturu və qabaqcıl yaddaş çipi texnologiyalarının sürətli inkişafını göstərir.
“Data mərkəzlərinə investisiyalar sürətlə artır və bu da yüksək məhsuldarlıqlı hesablama sistemlərinə tələbi yüksəldir. Bu dinamika süni intellekt üçün optimallaşdırılmış prosessorlar və texnologiyalar təklif edən şirkətlər üçün böyük artım imkanları yaradır”, — deyə Lavlok bildirib.
Bu il ən yüksək artım tempinin data emalı mərkəzlərinə yönələn xərclərdə müşahidə olunacağı gözlənilir. “Gartner”in proqnozuna görə, bu seqment üzrə xərclər 55,8% artaraq $788 milyarda çatacaq.
“Davamlı yüksək tələb və məhdud təklif yüksək sürətli yaddaş çiplərinin qiymətlərində rekord artıma səbəb olub”, — deyə Con-David Lavlok qeyd edib. Onun sözlərinə görə, bu sıçrayış yaddaş çipi istehsalını yarımkeçirici şirkətləri üçün ən gəlirli sahələrdən birinə çevirir.







