Azərbaycanda iqtisadiyyatı apreldə 0.2% artıb

2026-cı ilin ilk dörd ayında Azərbaycanda iqtisadi artım 0.2% olub. Halbuki, bu ilk rübün sonunda, yəni bir ay əvvəl 0.3% azalma vardı.

Banker.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.

Belə ki, yanvar-aprel aylarında 39 milyard 875,1  milyon manat ümumi daxili məhsul istehsal edilib. Bunun 12 milyard 135 milyon manatı neft, 27 milyard 740,1 milyon manatı qeyri-neft sektorunun payına düşüb.

Neft sektoru illik artım tempi son bir ayda 1.2% azalmadan 0.9% azalmaya yüksələrkən, qeyri-neft 0.2%-dən 0.7%-ə qalxıb.

312

 

BƏS PROQNOZLAR NECƏDİR?

Azərbaycanın İqtisadiyyat Nazirliyinin 2025-ci ildə növbəti illər üçün verdiyi proqnoza görə, 2026-cı ildə Azərbaycanda iqtisadi artım 3.2% proqnozlaşdırılıb. Məlumata görə, 2027-2028-ci illərdə ölkədə iqtisadi artım 3.6%, 2029-cu ildə isə 4.1% müəyyən edilirdi.

Mərkəzi Bank mayda bu il və növbəti il üçün Azərbaycanda ÜDM artımının fevraldakı proqnozlarla müqayisədə endirib. Belə ki, 2026-cı il üçün 2,9 %-dən 1,1 %-ə, 2027-ci ildə isə 4,7 %-dən 3,2 %-ə endirib. AMB-nin sədri Taleh Kazımov qeyd edib ki, iqtisadi artıma daxili tələbin və qeyri-neft sektorundakı aktivliyin dəstək verəcəyi gözlənilir.

Dünya Bankı 2026-cı ildə Azərbaycanda ÜDM-in 2 %, 2027-ci ildə isə 1,8 % artacağını gözləyir. Dünya Bankının proqnozlarına görə, 2026 və 2027-ci illərdə Cənubi Qafqaz dövlətlərinin ÜDM-nin ümumi artımı hər il 3,4 %-ə çatacaq. Hesabatda vurğulanır ki, Azərbaycanda fiskal siyasətin sərtləşdirilməsi nəticəsində investisiya xərclərinin normallaşması, eləcə də neft hasilatı həcmlərinin əhəmiyyətli dərəcədə azalması 2025-ci ildə iqtisadi artım tempinin 1,4 %-ə enməsinə səbəb olub, bu isə 2024-cü ilin göstəricisindən təxminən üç dəfə azdır.

Qeyd edək ki, iqtisadçı-ekspert Elman Sadıqov iqtisadi artım tempinin inkişaf etməkdə olan ölkələr üçün yetərsiz olduğunu bildirib. Onun sözlərinə görə, “inkişaf etmiş iqtisadiyyatlar üçün böyümə hədəfi 2% ətrafında olur, inkişaf etməkdə olan iqtisadiyyatlar üçün isə minimum 5% hədəfində”, bu səbəbdən “ölkəmiz üçün 3% ətrafında böyümə hədəfinin müəyyən edilməsi yanlışdır”.

Ekspert həmçinin bildirib ki, 2024-cü ilin ortalarından etibarən Azərbaycan iqtisadiyyatında daralma tendensiyası müşahidə olunur. O qeyd edib ki, “iqtisadiyyat ya spiralvari genişlənər, ya daralar” və qarşıdakı dövrlərdə iqtisadiyyata həm daxili, həm də xarici faktorların əlavə təzyiq formalaşdırması ehtimalı yüksəkdir.

Son xəbərlər
Digər xəbərlər