Azərbaycanın iştirakı ilə yeni dəhliz: İran dəmir yolu xəttini istifadəyə verməyə hazırlaşır

İranın şimal-qərbində yerləşən Ərdəbil vilayətində Parsabad rayonunu Şərqi Azərbaycan vilayətində Miyana rayonuna birləşdirəcək Parsabad-Miyana dəmiryolunun Ərdəbil-Miyana hissəsini – 175 kilometrini istifadəyə verməyə hazırlaşır.

Bunu İranın Nəqliyyat İnfrastrukturlarınn Tikintisi və İnkişafı Şirkətinin icraçı direktorunun müavini Abbas Xətibi yerli mediaya açıqlamasında deyib.

Onun sözlərinə görə, sözügedən dəmir yolu xəttində tikinti işləri başa çatdırılsa da, müəyyən səbəblərə görə, Ərdəbil-Miyana dəmir yolu xətti istismara verilməyib.

Xətibi deyib ki, ötən həftələrdə İranın Dəmir Yolları Şirkəti qatarların sürətinin təyin olunması üzrə iclas keçirib və tezliklə bu dəmir yolu xətti istismara veriləcək. Texniki baxımdan bütün lazımi işlər həyata keçirilib.

Qeyd edək ki, İran sözügedən dəmir yolu xəttinin istismara verilməsi ilə həm Ərdəbil vilayətinin ölkənin dəmir yolu xəttinə birləşməsini, həm də Azərbaycanın İmişli rayonu ilə dəmir yolu əlaqəsi quraraq Cənubi Qafqaz, Avrasiya İqtisadi İttifaqı və Şərqi Avropa ölkələri istiqamətində yeni tranzit dəhlizi yaratmaq niyyətindədir. Hazırda Ərdəbil-Miyana dəmir yolu xətti istismara hazır olsa da, Ərdəbil-Parsabad arasında 270 kilometr uzunluğunda xətt tikilməlidir.

Ötən il Ərdəbil valisi Məsud İmami Yeganə bildirib ki, Ərdəbil-Parsabad dəmir yolu xəttinin tikintisinin bir hissəsi üzrə tədqiqat işləri başa çatdırılıb. Hazırda İranın Plan və Büdcə Təşkilatından bu xəttin tikintisi ilə əlaqədar texniki lisenziyanın verilməsi üzrə işlər aparılır.

Əlavə edək ki, Ərdəbil-Miyana dəmir yolu xətti ilə sərnişin qatarlarının saatda 160 km, yük qatarlarının saatda 120 km ilə hərəkəti planlaşdırılıb. Bu xətt ilə ildə 600 min sərnişin və 2,5 milyon ton yükün daşınması, istifadəsinin 20-ci ilində isə 1,5 milyon sərnişin və 4 milyon yükün daşınması planlaşdırılır.

MənbəREPORT
Son xəbərlər
Digər xəbərlər