Sərnişinlər metroda boş vaqonları əvvəlcədən görə biləcəklər – Müsahibə

“Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin “BakuBus” və “Bakı Taksi Xidməti” Məhdud Məsuliyyətli Cəmiyyətlərin ona qoşulması formasında yenidən təşkil edilməsi ölkəmizdə, xüsusilə də paytaxt Bakıda ictimai nəqliyyatın inkişafında keyfiyyətcə yeni bir mərhələnin başlanğıcıdır.

Bunu “Bakı Metropoliteni” QSC-nin sədri Vüsal Aslanov deyib.

Onun sözlərinə görə, bu gün dünyada ayrı-ayrı nəqliyyat vasitələri deyil, bütövlükdə şəhərlərin ümumi mobilliyi müzakirə olunur:

“Dünyanın aparıcı şəhərlərində 15 ildən artıqdır tətbiq olunan bu mexanizm sərnişinlərə daha əlçatan, daha koordinasiyalı, daha rahat nəqliyyatı təmin etmək məqsədi daşıyır.

Sərnişinlər artıq metro, avtobus, tramvay və digər nəqliyyat növlərini ayrı-ayrılıqda deyil, bir-birini tamamlayan vahid nəqliyyat şəbəkəsinin elementi kimi istifadə edəcəklər. Nəqliyyat növlərindən əldə olunan məlumatlar vahid mərkəzdə emal olunub, analiz ediləcək və data əsaslı qərarların verilməsinə xidmət edəcək. London, Paris, Berlin, Honkonq, Sinqapur kimi şəhərlərdə bu təcrübə artıq çoxdandır tətbiq olunur. Bu qərar da həmin istiqamətdə atılmış strateji bir addımdır.

Əsas məqsədimiz odur ki, metro, avtobus və taksi xidmətləri bir-birini təkrarlamasın, əksinə, bir-birini tamamlasın. Sərnişin metrodan çıxdıqda avtobus və ya taksi dayanacağına keçid etdikdə vahid bir xidmət zəncirinin davamını hiss etməlidir. Bu, gələcəkdə həm vahid ödəniş sisteminin, həm də vahid hərəkət qrafiklərinin tətbiqini daha da asanlaşdıracaq.

Bu fərman “BakuBus” və “Bakı Taksi” şirkətlərini əhatə edir. “BakuBus” Bakı şəhərində bir çox marşrutu idarə edən, həmçinin Gəncə və Xankəndi şəhərlərində fəaliyyət göstərən dövlət şirkətidir. “Bakı Taksi Xidməti” isə sərnişinlərimizin “London taksisi” adlandırdığı xüsusi taksilərdən ibarətdir. Fərman bu sahəni əhatə edir. Digər marşrutlar, digər avtobus xidmətləri öz müstəqil fəaliyyətlərini davam etdirəcəklər”.

Vüsal Aslanov qeyd edib ki, sərnişinlər nəqliyyat növləri arasında keçidləri daha rahat həyata keçirə biləcəklər:

“Misal çəkdiyim şəhərlərdə həftəlik, saatlıq, aylıq paketlər mövcuddur. Bu, həmin ödəniş həllərinin başlaması üçün ilk addımlardan biridir. Gələcəkdə kompleks ödənişlərin həyata keçirilməsi istiqamətində hədəfə doğru irəliləyə biləcəyik”.

Tramvay geri qayıdır

“Bakı Metropoliteni” QSC-nin sədri Vüsal Aslanov bildirib ki, tramvay uzun müddətdir müzakirə olunan mövzulardan biridir:

“2025–2030-cu il dövlət proqramında tramvay haqqında xüsusi maddələr qeyd olunub. Hazırda tramvayın konseptual planı hazırlanır. İlkin olaraq Mehdiabad ərazisindən Bakı şəhərinin mərkəzinə alternativ bir neçə variant müzakirə olunaraq tramvayın çəkilməsi planlaşdırılır. Bakıda gələcəkdə 5 fərqli istiqamət üzrə tramvay olması planlaşdırılır. İlkin perspektivdə əhalinin sıx məskunlaşdığı və kütləvi ictimai nəqliyyat həllinə çıxışı olmayan ərazilərə tramvayın çəkilməsi nəzərdə tutulur. Məqsəd odur ki, tramvay metronu və avtobusu əvəzləməsin, əksinə, onları birləşdirən vasitə olsun”.

Bakı metrosu böyük dəyişikliyə hazırlaşır

Vüsal Aslanovun sözlərinə görə, 2025–2030 Dövlət Proqramında yol-nəqliyyat infrastrukturu ilə bağlı bütün qurumlar üçün konkret tapşırıqlar müəyyənləşdirilib:

“Bakı Metropoliteninə aid tapşırıqları əsasən üç qrupda cəmləşdirə bilərik: mövcud infrastrukturun stabil işləməsinin təmin olunması, onun müasirləşdirilməsi, eləcə də metro şəbəkəsinin genişləndirilməsi.

Buna əsasən, cari operativ işlər sərnişin sıxlığının azaldılmasına fokuslanıb. Hazırda Bakı Metropolitenini dünyada xidmət göstərən 213 metropolitenlə müqayisə etsək, sıxlıq dərəcəsinə görə top onluqda yerləşir. Qısa müddətdə infrastrukturu genişləndirmək mümkün olmadığını nəzərə alaraq, daha çox intervalları azaltmaqla sərnişin sıxlığını qismən aradan qaldırmaq istiqamətində işlər görülür.

Əvvəllər Bakı Metropoliteninin ən sıx hərəkətə malik “Həzi Aslanov – 28 May” istiqamətində 30 cüt qatar fəaliyyət göstərirdi. Bu, uzun müddət metropoliteninin texniki imkanlarının ən maksimal həddi sayılıb. 2025-ci ildən biz intervalları mərhələli şəkildə azaltmağa başladıq: əvvəlcə bunu 32 cüt qatara, daha sonra 34-ə, hal-hazırda axşam – pik saatlarda 36 cüt qatara çatdırmışıq. Bunun təməlində infrastrukturda yaxşılaşdırma işləri və hərəkət qrafikinin rəqəmsallaşması dayanır. Bu, faktiki olaraq mövcud infrastrukturumuzun yeni üst limitidir.

Bundan savayı, Bənövşəyi xətdə intervalları “Xocasən” stansiyasından “Avtovağzal” stansiyasına qədər istiqamətdə 16 dəqiqəlik intervalı 8 dəqiqəyə, “Avtovağzal”dan “8 Noyabr”a qədər istiqamətdə 10 dəqiqədən 5 dəqiqəyə endirdik. Yaşıl xəttin “Cəfər Cabbarlı – Xətai” sahəsində 12 dəqiqəlik intervalı 7 dəqiqəyə azaltdıq. “Həzi Aslanov – Əhmədli” istiqamətində isə 10 dəqiqəlik intervalımız pik vaxtlarda 5 dəqiqəyə endirildi”.

Qatarlar arasındakı interval necə azaldılır?

“Bakı Metropoliteni” QSC-nin sədri bildirib ki, Qırmızı və Yaşıl xətlərin ayrılması intervalın daha da azaldılması üçün əsas şərtlərdən biridir:

“Bugünkü infrastrukturumuzun imkan verdiyi maksimum həddə artıq yaxınlaşmışıq. İntervalı daha da azaltmaq üçün fundamental işlər görməyimiz lazımdır.

Birincisi, qatarları idarə edən işarəvermə sistemi yenilənməlidir — cari ildə bununla bağlı tender keçiriləcək və bu layihənin icrası gələcəkdə qatarlararası məsafəni qısaldıb intervalı azaltmağa imkan verəcək.

İkincisi, xətlərin ayrılması məsələsidir. Qırmızı və Yaşıl xətlərimiz “28 May” stansiyasında birləşir və “28 May” – Həzi Aslanov” sahəsində texniki təhlükəsizliyi təmin etmək üçün 100–110 saniyəlik interval olması şərtdir. Nəzərə alsaq ki, bu qatarlar “İçərişəhər” və “Dərnəgül” istiqamətdən növbəli şəkildə gəlir, avtomatik olaraq həmin əks istiqamətdə intervalımız 200 saniyənin azərində olur. Biz bu xətləri ayırmasaq, bu intervalı bundan aşağı salmaq imkanımız mümkün olmayacaq.

Hər bir xətt ayrıca müstəqil işləməlidir, müstəqil deposu olmalıdır. “Dərnəgül” deposunun tikintisi davam edir. Xətlər ayrıldıqdan sonra “28 May” stansiyası yalnız “İçərişəhər” istiqamətinə gedən qatarlardan istifadə edən sərnişinlər tərəfindən istifadə olunacaq. “Dərnəgül” istiqamətinə gedən sərnişinlər isə “Cəfər Cabbarlı” stansiyasından istifadə edəcəklər. Hətta “Cəfər Cabbarlı” ilə “28 May”ı birləşdirən əlavə bir sərnişin tunelini yay aylarında istifadəyə verəcəyik. Bu, xətlərin ayrılması layihəsi üzrə başa çatan ilk iş olacaq.

İntervalların azaldılmasına təsir edən elementlərdən biri də “geri dönüş” məsələsidir. “İçərişəhər” stansiyasının arxasında tikinti işlərinə başlanılıb. Orada işlər bitdikdən sonra qatar stansiyaya daxil olacaq, stansiyanın arxasındakı dalan yoluna keçəcək və növbəti qatar “Sahil” stansiyasına daha tez müddətdə gələcək. Həmin layihənin şəhərsalma baxımından da maraqlı tərəfi var: yeraltı infrastruktur üzərində avtomobil dayanacağı, yerin üst hissəsində isə yaşıllıq və park ərazisi hazırlanacaq”.

Bakıda 10 yeni metro stansiyası tikilir

Vüsal Aslanov vurğulayıb ki, dövlət proqramı çərçivəsində paytaxtda 10 yeni metro stansiyasının inşası planlaşdırılır:

“Şərti adı B4 olan stansiyanın cari ilin sonuna qədər istifadəyə verilməsi gözlənilir, çünki orada əsas mühəndis işləri tamamlanıb və daxili tərtibat prosesinə başlanılıb. Digər 9 stansiya üçün bu il tender elan ediləcək və növbəti ildən tikinti işlərinə start veriləcək.

Yaşıl xətt üzrə inkişaf əsasən şəhərin şərq hissəsini əhatə edəcək və 2030-cu ilə qədər dörd yeni stansiyanın — Y-14, Y-15, Y-16, Y-17 — inşası ilə “Xətai” stansiyasından “Həzi Aslanov” stansiyası istiqamətinə qədər olan boşluq doldurulacaq. Bu stansiyalar Ağ Şəhər, 8 Noyabr prospekti və Nargilə dairəsi kimi strateji nöqtələrdə yerləşəcək. Bənövşəyi xətt üzrə isə şəhər mərkəzində şaxələndirmə yaratmaq məqsədilə 6 yeni stansiyanın — B-4-dən B-8-ə qədər — tikilməsi nəzərdə tutulur. B-5 (Nizami), B6A (Sahil) və B7 (Xətai) stansiyaları mövcud xətlərlə kəsişərək qovşaq və keçid funksiyasını yerinə yetirəcək.

Binəqədi, Yasamal və Xırdalan kimi ərazilərə metronun çəkilməməsi isə texniki səbəblərlə izah olunur. Şəhərin mərkəzi hissəsi alternativ keçidlərlə şaxələndirilmədən birbaşa kənar qəsəbələrdən xətlər çəkilərsə, mövcud mərkəzi infrastruktur həddindən artıq yüklənərək iflic ola bilər. Bakının “rəqəmsal əkizi” üzərində aparılan simulyasiyalara əsasən, ilk növbədə, Bənövşəyi xəttin şəhər mərkəzinə tam inteqrasiyası hədəflənir. Bu xətt mərkəzə tam uzadıldıqdan sonra Xırdalan, Masazır, Sumqayıt, Bakı-Şamaxı istiqamətindən gələn sərnişin axınını effektiv şəkildə qarşılamaq mümkün olacaq”.

“28 May” stansiyasında nə dəyişəcək?

“Bakı Metropoliteni” QSC-nin sədri bildirib ki, xətlərin ayrılması layihəsi çərçivəsində “28 May” stansiyasının fəaliyyəti tam dayandırılmayacaq:

“Bu, xətlərin ayrılması layihəsi çərçivəsində Yaşıl xəttin “Dərnəgül”–”Nizami” stansiyaları arasında işləməsi deməkdir. “28 May” öz fəaliyyətini davam etdirəcək. Sadəcə, Yaşıl xətdən istifadə edən sərnişinlər “28 May”a birbaşa gələ bilməyəcəklər, çünki “28 May–Nizami” arasında tunellərdə tikinti işləri aparılacaq. “Nizami” faktiki olaraq Yaşıl xəttin son stansiyası rolunda çıxış edəcək.

Şəhər nəqliyyatında xətlərin ayrılması zamanı müəyyən məhdudiyyətlər qaçılmazdır. Biz süni intellekt əsaslı rəqəmsal həllərlə sərnişinlərimizin gediş-gəliş məlumatlarını təhlil etmişik. “20 Yanvar”, “Gənclik” və digər bütün stansiyalardan xətlərarası dəyişikliklərin analizi bizdə mövcuddur. AYNA ilə bu məlumatları paylaşmışıq və alternativ avtobus xətləri müəyyən olunacaq.

Qeyd edim ki, “Nizami” stansiyasına 3 dəqiqə intervalda gələn bir qatarda 1600-ə yaxın sərnişin daşınır. Onları “28 May”a transfer etmək üçün hər 3 dəqiqədən bir 20 avtobus lazım olardı ki, bu da həm texniki cəhətdən müşkül məsələdir, həm də şəhərin mərkəzində ciddi sıxlıq yarada bilər. Buna görə alternativ avtobus marşrutları ilə bu məsələnin tənzimlənməsi planlaşdırılır. AYNA ilə əməkdaşlıq şəraitində bu barədə ictimaiyyətə ətraflı məlumatlar veriləcək”.

Onun sözlərinə görə, “Həzi Aslanov-2” stansiyası konseptual planda Y-17 şərti adı ilə nəzərdə tutulub:

“”Həzi Aslanov-2” bizim konseptual planda Y-17 şərti adı ilə adlandırılan stansiyadır. Həmin stansiya müstəqil işləməyəcək — “Xətai” stansiyasına birləşməlidir və bunun üçün növbəti üç stansiya ilə tunellərin tikilməsi zəruridir. Hazırlanmış yeni tender paketinə həmin stansiya da daxildir. Önümüzdəki ildən aktiv tikinti işlərinə başlanılacaq və 2030-cu ilə qədər istifadəyə veriləcək”.

Şəhərin mürəkkəb geoloji ərazisində: B-5 stansiyası necə tikiləcək?

“Bakı Metropoliteni” QSC-nin sədri Vüsal Aslanov vurğulayıb ki, B-5 stansiyasının yerləşəcəyi ərazi geoloji baxımdan ciddi şəkildə təhlil olunub:

B-5 stansiyası Bənövşəyi xəttin növbəti stansiyasıdır. Bənövşəyi xəttin çox böyük potensialı var – 7 vaqonluq qatarların hərəkəti üçün infrastruktur qurulub və şəhərə ən çox sərnişin daxil olan şimal hissədən mərkəzə istiqamətlənir. “Nizami” ətrafında xətlərarası dəyişməni təmin etmək üçün bu ərazi seçilib.

Tikinti məsələsinə gəlincə, bəli, ərazinin geologiyası mürəkkəbdir, 60-70-ci illərdə tətbiq olunan kesson üsulu artıq yoxdur, hətta deyərdim ki, indi qadağandır. Müasir tikinti texnikası çox inkişaf edib. Stansiyanın yerləşdiyi ərazi ciddi şəkildə təhlil olunub – stansiya və tunel qrunt suları səviyyəsinin daha alt hissəsinə yerləşdiriləcək. Dünya təcrübəsində çayların və boğazların altından keçən tunellər mövcuddur: müasir tikinti texnologiyasında bunun çətinliyi yoxdur”.

Bakı metrosunda enerji dayanıqlığı

“Bakı Metropoliteni” QSC-nin sədri Vüsal Aslanov bildirib ki, “Nərimanov-Ulduz” mənzilində baş verən hadisə zamanı sərnişinlərin təxliyəsi operativ şəkildə həyata keçirilib:

“İlk öncə baş vermiş hadisəyə görə təəssüfümü bildirirəm və sərnişinlərimizdən bir daha üzr istəyirəm. Hadisə zamanı sərnişinlər və əməkdaşlar arasında xəsarət alan olmadı, təxliyə operativ şəkildə təmin olundu. Daxili İşlər Nazirliyi, Fövqəladə Hallar Nazirliyi əməkdaşlarına təxliyə zamanı və ilkin tibbi xidmət göstərən TƏBİB əməkdaşlarına, Bakı Metropoliteninin məlumatlarının operativ ictimaiyyətə çatdıraraq çaşqınlıq yaranmasının qarşısının alınmasında xüsusi rolu olan media nümayəndələrinə təşəkkürümü bildirirəm.

Hadisənin mahiyyətinə gəlincə: “Nərimanov–Ulduz” mənzilini enerji ilə təmin edən yarımstansiyada qısaqapanma baş vermiş, həmin mənzildə tuneldə tüstülənmə qeydə alınmışdı. Sərnişinlərin təhlükəsizliyini təmin etmək üçün əvvəlcə hadisənin fəsadlarını aradan qaldırıb sonra hərəkəti bərpa etdik.

Ümumiyyətlə, Bakı Metropoliteninin elektrik şəbəkəsi dayanıqlı qurulub — istənilən sahə iki fərqli alternativ enerji mənbəyindən qidalanır. Dövlət Proqramında Bakı Metropoliteninin enerji dayanıqlığının təmin edilməsi xüsusi bənd kimi yer alıb. 2025-ci ildə xarici ekspertləri dəvət edib enerji sistemini tam texniki auditdən keçirdik və tədbirlər planı hazırladıq. Artıq 2025-ci ildən iki mövcud yarımstansiyanın yenidən qurulması, bir yeni yarımstansiyanın tikintisi, kabel şəbəkəsinin yenilənməsi və SCADA sisteminin yenidən qurulması istiqamətində işlər görülür.

Bakı Metropoliteninin 21 ədəd dizel generatoru mövcuddur, bunlar mütəmadi olaraq texniki baxışdan keçir. Bu generatorların funksiyası xarici enerji təchizatında fasilə yarandığı zaman avtomatik işə düşməkdir. Biz ildə iki dəfə qəza məşqləri keçiririk.

Lakin bu hadisədə xarici elektrik şəbəkəsində problem yox idi – metronun öz yarımstansiyasında qısaqapanma baş vermişdi. Dizel generatorların əsas rolu xarici enerji təchizatının əvəzlənməsinə fokuslanıb, ona görə bu halda onlardan istifadə mümkün deyil”.

Vüsal Aslanov açıqlayıb ki, 2025-ci ildə metropolitenin rəqəmsal strategiyası təsdiqlənərək icrasına başlanılıb:

“Biz 2025-ci ildə Bakı Metropoliteninin rəqəmsal strategiyasını hazırlayıb təsdiq etdik və həmin strategiya istiqamətində işlərə başladıq. Bu, iki əsas istiqaməti əhatə edir.

Birincisi, əməliyyat səmərəliliyi: qatarların, eskalatorların və infrastrukturun texniki xidmətinin avtomatlaşdırılması, qabaqlayıcı tədbirlərin görülməsi.

İkincisi, sərnişinlərə yönəlik həllər: pilot rejimində süni intellektlə sərnişin sıxlığının idarə edilməsi proqram təminatı üzərində işlənilir. Süni intellekt əsaslı videomüşahidə sistemini ilkin mərhələdə istifadəyə vermişik – kamera sistemi sərnişinlərin hansı stansiyadan girib hansı stansiyaya çıxdığının ümumi fonunu müəyyənləşdirir.

Bəzi yeniliklər artıq hiss olunur: gedən qatarın vaxtı deyil, növbəti gələcək qatarın vaxtı göstərilir. Yaxın gələcəkdə mobil tətbiqdə gələn qatarda hansı vaqonların nisbətən boş olduğu göstəriləcək. Stansiyalara boş qatarlar göndərilməsi artıq tətbiq olunur — “Koroğlu”, “28 May”, “Gənclik”, “Elmlər Akademiyası” stansiyalarına günün müxtəlif vaxtlarında boş qatarlar göndərilir ki, orada toplanmış sərnişinlər rahatlıqla minə bilsin, sıxlıq aradan qaldırılsın.

Eskalator idarəetməsi də artıq qrafik deyil, real vaxt məlumatları əsasında həyata keçirilir. Hərəkət qrafiki tam rəqəmsallaşıb — qatarların intervalını 30-dan 36-ya qaldırmağımızın əsasında məhz rəqəmsal həllər dayanır”.

Sərnişinlər metroda boş vaqonları əvvəlcədən görə biləcəklər

“Bakı Metropoliteni” QSC-nin sədri Vüsal Aslanov bildirib ki, yeni mobil tətbiq sərnişinlərə metrodan daha rahat və səmərəli istifadə imkanı yaradacaq:

“Mobil tətbiqdə sərnişinlər QR-kod vasitəsilə ödəniş edə biləcəklər. Hansı stansiyadan hansı stansiyaya daha tez çatmaq, günün hansı vaxtı sıxlığın az və ya çox olduğunu qabaqcadan görmək, qatarın hansı vaqonunun nisbətən boş olduğunu əvvəlcədən bilmək imkanları olacaq.

Bu arada onu da əlavə edim ki, biz bu yaxınlarda hakaton keçirdik – 1200-dən çox müraciət daxil oldu, 78 nəfər cəlb edildi. “İçərişəhər” stansiyasının sərnişinə qapalı platformasında bu tədbiri ilk dəfə real infrastruktur üzərində əyani şərait yaratmaqla keçirdik. İştirakçıların böyük bir qisminin sualları və arzuları məhz mobil tətbiqlə bağlı idi. O hakatonda iştirak etmiş iştirakçıların bir qisminin layihələrinin davam etdirilməsi və işə qəbul istiqamətində işlər davam edir.

Əlavə olaraq hazırda “AYNA MaaS” proqram təminatında Bakı Metropoliteninin qatar intervalları göstərilir.

Sərnişinlər həmin proqram vasitəsilə A nöqtəsindən B nöqtəsinə getmək üçün mikrohərəkətlilik, avtobus və metro xidmətlərindən birgə istifadə edə bilərlər. Bu məlumatlar “Google Maps“ə də inteqrasiya olunub. Müasir nəsil vaqonlarımızda artıq doluluq faizini ölçən avadanlıqlar quraşdırılıb; hazırda test rejimini davam etdiririk. Qatar platformaya yaxınlaşarkən sərnişin qabaqcadan biləcək ki, beş vaqonlu qatarın hansı vaqonu nisbətən boşdur. Hazırda əsas problem sərnişinlərin platformada qeyri-bərabər paylanmasıdır — nəticədə qatarın bəzi vaqonları sıxlıqla doludur, bəziləri isə yarıboş qalır. Bu məlumatı həm elektron tabloda, həm də mobil tətbiqdə əks etdirməyi planlaşdırırıq. Dördüncü nəsil qatarlarımızda bu həll hazır olacaq; üçüncü nəsil vaqonlar üçün isə əlavə avadanlıq quraşdırmaq lazım gəlir”.

Aslanov hesab edir ki, məsafəyə əsaslanan ödəniş sistemi təkcə metro deyil, bütün ictimai nəqliyyat şəbəkəsi üzrə tətbiq olunmalıdır:

“Bu məsələni Bakı şəhərinin ictimai nəqliyyatı üçün ümumilikdə müzakirə etmək daha məqsədəuyğundur, çünki avtobus nəqliyyatı var, yaxın gələcəkdə tramvay da olacaq. Məsafəyə görə ödəniş üçün ilk növbədə infrastrukturun hazır olması lazımdır. Köhnə stansiyalarımızda — Yaşıl və Qırmızı xətt stansiyalarında – çıxışda turniket yoxdur, onların yerləşdirilməsi sıxlıq yarada bilər.

Buna görə tək Metropoliten deyil, bütövlükdə Bakı şəhərinin ictimai nəqliyyatı üçün vahid mərkəzdən müəyyən paketlər şəklində ödəniş sisteminin qurulması istiqamətində işlərə başlayacağıq”.

“Bakı Metropoliteni” QSC-nin sədri bildirib ki, WUF13 tədbiri dövründə metro gücləndirilmiş rejimdə fəaliyyət göstərəcək:

“Kütləvi tədbirlər olduqda iş saatı uzadılması da mümkündür və bu barədə qabaqcadan ictimaiyyətə məlumat veriləcək.

Ödəniş sistemi ilə bağlı: əvvəl yalnız Azərbaycan banklarının emissiya etdiyi kartlar, “Apple Pay” və “Google Pay” qəbul olunurdu. Hal-hazırda xarici bankların emissiya etdiyi bank kartları da ödəniş vasitəsi kimi qəbul olunacaq. Bu, şəhərimizə gələn turistlərə və qonaqlara ictimai nəqliyyatdan daha əlçatan şəkildə istifadə etmək imkanı yaradacaq”.

Vüsal Aslanov bildirib ki, metroda yeni süni intellekt əsaslı sistemlər sərnişin təhlükəsizliyinin artırılmasına xidmət edir:

“Bütün qurulan sistemlər sərnişinlərimizin rahatlığına və təhlükəsizliyinə xidmət edir. Yeni süni intellekt əsaslı videomüşahidə sistemi sərnişin davranışlarını da təhlil edir. Məsələn, eskalatorda bir sərnişin yıxılarsa, sistem bunu dərhal müəyyən edib dispetçer məntəqəsinə məlumat ötürür. Stansiya yoluna düşmə faktları da real vaxtda həm növbətçiyə, həm mərkəzi sistemə ötürülür. Bizdə platformalarda 825 volt yüksək cərəyan mövcuddur, ona görə belə hallarda dərhal tədbir görmək vacibdir və bu addımlatr sərnişin təhlükəsizliyini maksimallaşdırmmağa kömək edəcək”.

“Bakı Metropoliteni” QSC-nin sədri bildirib ki, yeni metro stansiyalarında əlilliyi olan şəxslərin rahat hərəkəti üçün bütün zəruri infrastruktur nəzərə alınır:

“Yeni tikməyi planlaşdırdığımız bütün stansiyalarda əlilliyi olan şəxslərin rahat hərəkəti üçün bütün infrastruktur — liftlər, panduslar və s. — nəzərdə tutulmuşdur. Lakin 20, 30, 40 il əvvəl istifadəyə verilmiş mövcud stansiyalarımızda bu infrastruktur təəssüf ki yoxdur.

Bu sahədə Bakı Metropolitenində “Əlçatan Metro” layihəsinə start verilib. 964 qısa nömrəsi ilə əvvəlcədən məlumat verildikdə əməkdaşlarımız stansiyanın girişində həmin şəxsləri qarşılayır, xüsusi texniki vasitələrlə qatara qədər müşayiət edir. Çıxış stansiyasında da qatardan çıxarıb stansiyanın çıxışına kimi yönləndirirlər”.

Vaqon parkının yenilənməsi

Onun sözlərinə görə, vaqon parkının yenilənməsi hazırda qurumun əsas prioritetlərindən biridir:

“Hazırda 381 vaqondan ibarət parkımız var. Bunların 180-i müasir kondisioner sistemi ilə təchiz edilmiş, vaqonlar arası keçidi mümkün edən yeni nəsil vaqonlardır. Qalan vaqonlar üçüncü nəsildir; istismar müddəti bitdikcə onları mərhələli şəkildə xidmətdən çıxarırıq. Cari ilin sonuna qədər 36 vaqonun istismar müddəti bitəcək. Texniki göstəricilərinə əsasən qalanlar 2042-ci ilə qədər istifadədən mərhələ ilə çıxarılacaq. Artıq vaqon parkımızın 35–40 faizindən çoxu müasir vaqonlardan ibarətdir. Köhnə vaqonların istismar müddəti 31 ildir; müddəti başa çatan vaqonlar mərhələli şəkildə xətdən çıxarılır və yeniləri ilə əvəz olunur. Proqnozlarımıza görə yaxın 10–12 il ərzində vaqon parkı tamamilə müasir vaqonlarla təmin olunacaq.

Dövlət proqramında 299 yeni vaqonun alınması nəzərdə tutulub – bu, həm yeni stansiyaların yaradacağı tələbatı, həm də interval azaldılmasından doğan əlavə ehtiyacı ödəmək üçündür. Bir neçə istehsalçıyla görüşlər keçirmişik; texniki tapşırıqlar hazırlanır. Seçim zamanı yalnız qatarın qiymətini deyil, istismar müddəti ərzindəki təmir xərclərini də nəzərə alırıq. Bütün təkliflər toplandıqdan sonra qərar qəbul edilib seçilmiş təchizatçıyla iş davam etdiriləcək.

Köhnə nəsil vaqonlarda konstruktiv olaraq soyutma sistemi nəzərdə tutulmayıb, orada yalnız məcburi ventilyasiya mövcuddur. Yeni nəsil vaqonlarımızın hamısı müasir iqlim-nəzarət sistemi ilə təchiz olunub. Bu sistem avtomatik rejimdə işləyir və vaqondakı sərnişin sayına və temperaturuna uyğun özünü tənzimləyir. Texniki personalımız bu sistemlərin sazlığına mütəmadi nəzarət edir. Sərnişinlərimizdən xahiş edirik ki, həm öz sağlamlıqları, həm də digərlərinin rahatlığı üçün bu məsələni anlayışla qarşılasınlar”.

“Bakı Metropoliteni” QSC-nin sədri Vüsal Aslanov sərnişinləri platformalarda daha nizamlı davranmağa çağırıb:

“Siz demək olar ki, bütün mövzuları əhatə etdiniz. Bir xahişim var: sərnişinlərimiz platformada bərabər paylanmaya diqqət etsinlər. Bu, digər sərnişinlərə narahatlıq yaradır. Mən özüm tez-tez metroya minirəm — həm ən sürətli nəqliyyat vasitəsi olduğu üçün, həm də sərnişin vərdişlərini bilavasitə müşahidə etmək üçün. “28 May” stansiyasında, xüsusən tağa yaxın hissədə sıxlıq ola-ola birinci vaqon boş qalır. Əməkdaşlarımız mütəmadi olaraq məlumat verirlər; xahiş edirəm həmin göstərişlərə əməl etsinlər. Bir xahişim də var: qapı açılanda, əvvəlcə düşənlərə yol verin, sonra miniz. Eyni vaxtda hər iki istiqamətdə hərəkət etmək nəinki çətinlik yaradır, hər saniyə uzanmış dayanma müddəti bütün hərəkət qrafikinə təsir edir. Sərnişinlərimizin bu kiçik dəyişiklikləri etməsi bizim xidmət keyfiyyətimizi birbaşa təsir edən məsələdir”.

MənbəTREND
Son xəbərlər
Digər xəbərlər