ABŞ Prezidenti Donald Tramp “Truth Social” platformasında Venesuelanın ABŞ bayrağının rənglərində təsvir olunduğu xəritəni paylaşıb. “51-ci ştat”, — deyə o, şəkli şərh edib.
Mayın 11-də “Fox News” jurnalisti Coş Roberts Trampla söhbətdən sonra bildirib ki, Amerika lideri Venesuelanın ABŞ-yə 51-ci ştat kimi birləşdirilməsi məsələsini ciddi şəkildə nəzərdən keçirir.
Venesuela prezidentinin səlahiyyətlərini icra edən Delsi Rodrigez isə belə bir ssenarini dəstəkləməyib. Onun sözlərinə görə, “bu heç vaxt nəzərdən keçirilməyəcək”.
Venesuelanın sabiq prezidenti Nikolas Maduro və həyat yoldaşı yanvarın 3-nə keçən gecə oğurlanaraq ABŞ-yə aparılıblar. Maduro narkoterrorizm, narkotik qaçaqmalçılığı və silah saxlama ittihamları ilə üzləşib.
Nyu-Yorkda keçirilən məhkəmə iclasında o, özünü fəaliyyətdə olan dövlət başçısı adlandırıb və günahını etiraf etməkdən imtina edib. Martın 26-da Donald Tramp Maduroya qarşı əlavə ittihamların irəli sürülə biləcəyini bəyan etmişdi.







