ABŞ-ın ən qədim ali təhsil müəssisələrindən biri olan Prinston Universiteti iyulun 1-dən etibarən əyani imtahanları yalnız müəllim nəzarəti altında keçirəcək. Dəyişiklik universitetin 1893-cü ildə qəbul edilmiş Şərəf Məcəlləsinə edilir. Bu barədə universitet nəşri “The Daily Princetonian” məlumat yayıb. Yeniliyi bir nəfər istisna olmaqla bütün müəllimlər dəstəkləyib.
Səsvermə süni intellektin geniş yayılması fonunda akademik dürüstlük qaydalarının pozulmasının qarşısını almaqla bağlı müzakirələrin yekunu olub. 2025-ci ildə tələbələr arasında keçirilmiş sorğuya əsasən, respondentlərin 29,9%-i imtahan zamanı köçürdüyünü etiraf edib. Tələbələrin təxminən yarısı Şərəf Məcəlləsinin pozulduğunu bildiyini, lakin bu barədə məlumat vermədiyini deyib. Yalnız 0,4% qayda pozuntusu barədə xəbər verdiyini bildirib.
İyulun 1-dən müəllimlər imtahanlarda müşahidəçi kimi iştirak edəcəklər. 1893-cü ildən bəri imtahanlar müəllim nəzarəti olmadan keçirilirdi. Sistem tələbələrin şəxsi məsuliyyətinə əsaslanırdı — onlar köçürməməyə və qayda pozuntusu barədə özlərinin məlumat verməsinə söz verirdilər.






