SEC hindistanlı milyarder Qautam Adani və onun qardaşı oğlunu $18 milyon cərimələyib

SEC (U.S. Securities and Exchange Commission) korrupsiya və dələduzluqda ittiham olunan hindistanlı milyarder Qautam Adani ilə bağlı işi dayandırıb. Tənzimləyici qurum cənab Adani, onun qardaşı oğlu Sajjar Adani və “Adani Green Energy” şirkətinə qarşı irəli sürülən ittihamlardan imtina edib. Razılaşmanın şərtlərinə əsasən, onlar $18 milyon məbləğində cərimə ödəməli olacaqlar.

“The New York Times” qəzetinin yazdığına görə, ABŞ Ədliyyə Nazirliyi və Xarici Aktivlərə Nəzarət İdarəsi, hansı ki, cənab Adaniyə qarşı ayrıca araşdırmalar aparır, yaxın vaxtlarda onları başa çatdırmağı planlaşdırır.

Asiyanın ən varlı insanı olan və sərvəti $82 milyarddan çox qiymətləndirilən Qautam Adaniyə qarşı araşdırma 2024-cü ilin noyabrında başlanıb. O, günəş enerjisi sahəsində fəaliyyət göstərən “Adani Green Energy” şirkətinin fəaliyyəti ilə əlaqədar dələduzluq və korrupsiyada ittiham olunurdu. Daha sonra hindistanlı milyarder İrana qarşı sanksiyaların pozulmasında da ittiham edilib.

Lakin indi ABŞ hakimiyyəti bütün bu ittihamlardan imtina etməyə hazırdır. NYT yazır ki, bu qərar cənab Adaninin ABŞ prezidenti Donald Trampın şəxsi vəkillərindən biri olan Robert Cuffronun (kiçik) rəhbərlik etdiyi yeni hüquqşünaslar komandasını işə götürməsindən sonra verilib.

KİV-in məlumatına görə, hindistanlı milyarderin hüquqşünasları SEC və ABŞ Ədliyyə Nazirliyinin nümayəndələri ilə görüş zamanı cənab Adaninin ABŞ iqtisadiyyatına $10 milyard investisiya yatıracağını vəd ediblər.

Son xəbərlər
Digər xəbərlər