Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Türk İnvestisiya Fondunun nizamnamə kapitalının hazırkı 600 milyon dollardan artırıla biləcəyini bildirib.
Bu barədə Tokayev Türk Dövlətləri Təşkilatının (TDT) qeyri-rəsmi sammitində çıxışı zamanı deyib.
O bildirib ki, Qazaxıstanda yeni formatlı Süni İntellekt Universitetinin açılması planlaşdırılır.
“Bu ali məktəbdə Türk dövlətləri vətəndaşlarının təhsil alması üçün xüsusi qrantların ayrılması nəzərdə tutulur”, – Tokayev deyib.
Bundan əlavə, Qazaxıstan TDT ölkələrinin gəncləri arasında süni intellekt və qabaqcıl rəqəmsal texnologiyalar üzrə elmi-texnoloji olimpiadaların hər il keçirilməsini zəruri hesab edir.
“Bu təşəbbüslərin həyata keçirilməsi üçün Türk İnvestisiya Fondu tərəfindən maliyyə dəstəyinin təmin edilməsi vacibdir. Əminəm ki, fond startaplara dəstək göstərə və infrastruktur layihələrinin reallaşdırılmasına kömək edə biləcək”, – Tokayev bildirib.
O xatırladıb ki, fondun nizamnamə kapitalı 600 milyon dollar təşkil edir, lakin artırıla bilər.
O həmçinin TDT ölkələrini fondun fəaliyyətində daha fəal iştirak etməyə və layihələri birgə həyata keçirməyə çağırıb.
Tokayev həmçinin TDT ölkələrinin İT-hablarının birgə platformasının yaradılmasını təklif edib: “Təklif edirəm ki, bu mərkəz Turkic AI adlandırılsın və süni intellekt sahəsində beynəlxalq platformalardan birinə çevrilsin”.






