“Aqrar Sığorta” şirkətinin gəlirləri kəskin artıb

2025-ci ildə “Aqrar Sığorta Müştərək Sığorta Şirkəti” ASC-nin xalis mənfəəti 100 min manat təşkil edib. Bu, 2024-cü ilin göstəricisi olan 70 min manatla müqayisədə təxminən 39,8 faiz çoxdur.

Banker.az xəbər verir ki, aqrar sığortaçının mənfəətin artmasının əsas səbəbi şirkətin ümumi gəlirlərinin kəskin yüksəlməsidir. Belə ki, gəlirlər 75,2 faiz artaraq 12,73 milyon manatdan 22,30 milyon manata çatıb. Lakin eyni dövrdə xərclər də 75,6 faiz (12,63 milyon manatdan 22,17 milyon manata) artaraq mənfəət artımını qismən məhdudlaşdırıb.

Şirkətin hesabat dövründə ümumi gəlirləri 22,3 milyon manat, ümumi xərcləri isə 22,17 milyon manat olub. Gəlirlərdə 75,2 faizlik artım müşahidə olunsa da, xərclərin artım tempi (75,6 faiz) gəlir artımını 0,4 faiz bəndi üstələyib.

Depozit hesablar üzrə vəsait isə 1,5 milyon manat səviyyəsində sabit qalıb. Ümumi aktivlər 14,6 milyon manatdan 10,05 milyon manata enərək 31,2 faiz azalma göstərib.

Müştərək aqrar sığortaçının bölüşdürülməmiş mənfəəti 2025-ci ilin sonuna 155 min manatdan 101 min manata düşüb. Belə ki, 2025-ci ildə bölüşdürülməmiş mənfəətdən 154 min manat  məbləğində dividend ödəyib.

Xatırladaq ki, “Aqrar Sığorta Müştərək Sığorta Şirkəti” ötən ilin avqust ayında yaradılıb. Onun nizamnamə kapitalı 2 187 500 manatdır. Şirkətin səhmdarları hər biri 14.3% payla 7 yerli sığorta şirkəti – “PAŞA Sığorta”, “Qala Sığorta”, “Meqa Sığorta”, “Azərbaycan Sənaye Sığorta”, “Xalq Sığorta”, “Azsığorta” və “Bakı Sığorta” ASC-lərdir.

“Aqrar Sığorta Müştərək Sığorta Şirkəti” Aqrar Sığorta Fondunun idarəedici təşkilatıdır. Maliyyə qurumu sığortalılarla müqavilələrin bağlanması, hadisə ilə bağlı müraciətlərin qəbul edilməsi və sistemin ümumi idarə edilməsini həyata keçirir. Onun təsisçiləri isə aqrar sığorta sistemində vasitəçi kimi fəaliyyət göstərir.

Son xəbərlər
Digər xəbərlər