Azərbaycan Auditorlar Palatası daha iki audit təşkilatına fəaliyyət lisenziyası təqdim edib. Lisenziya alan şirkətlərdən biri bu ilin fevral ayında dövlət qeydiyyatına alınmış “SFAI Azerbaijan” MMC-dir.
Banker.az xəbər verir ki, şirkətə 22 may 2026-cı il tarixindən 22 may 2031-ci il tarixinədək qüvvədə olan audit fəaliyyəti lisenziyası verilib. Şirkətin direktoru Svetlana Sabirli Şahidovnadır.
“SFAI Azerbaijan” MMC 13 fevral 2026-cı ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 100 manatdır.
Şirkətin adında yer alan SFAI beynəlxalq audit və konsaltinq şəbəkəsi olan SFAI Global ilə bağlıdır. SFAI Global audit, vergi, mühasibatlıq və biznes məsləhət xidmətləri göstərən beynəlxalq peşəkar xidmətlər şəbəkəsidir. Təşkilat dünyanın 100-dən çox ölkəsində fəaliyyət göstərən üzv şirkətləri birləşdirir və beynəlxalq audit standartlarının tətbiqini təşviq edir.
Beləliklə, yeni yaradılmış SFAI Azerbaijan MMC beynəlxalq SFAI şəbəkəsinin Azərbaycandakı üzv və ya tərəfdaş şirkəti kimi ölkənin audit bazarında fəaliyyətə göstərəcək.
Digər lisenziya əldə edən isə “ACCREDO AUDİT” MMC-dir.






