Texnologiya şirkətləri ümumi süni intellekt yaratmaq uğrunda yarışır və onu iqtisadiyyatı və cəmiyyəti kökündən dəyişdirə biləcək “intellekt partlayışı”nın katalizatoru kimi görürlər. Problem ondadır ki, onlar hələ də AGI-nin necə görünməli olduğu və ona hansı yolla çatmağın mümkünlüyü barədə ortaq məxrəcə gələ bilmirlər.
ChatGPT-nin istifadəyə verilməsindən təxminən dörd il sonra ABŞ və Çin texnologiya şirkətləri bir-birini qabaqlamaq və getdikcə daha mürəkkəb süni intellekt modelləri yaratmaq üçün məlumat mərkəzlərinə, çiplərə və mütəxəssislərə yüz milyardlarla dollar sərmayə qoyublar. Elan edilən məqsəd getdikcə daha az “ən yaxşı süni intellekt” yaratmaq kimi səslənir və daha böyük hədəfə, AGI (Artificial General Intelligence), yəni ümumi süni intellekt adlandırılan texnologiyaya yönəlir.
Bir vaxtlar marjinal ideya hesab edilən ümumi süni intellekt artıq aparıcı süni intellekt laboratoriyalarının əsas şüarına çevrilib. O, tədqiqat yol xəritələrini, marketinq materiallarını və siyasi müzakirələri müəyyənləşdirir. Bununla yanaşı, bəzi ABŞ qanunvericiləri və süni intellekt sənayesinin rəhbərləri milli təhlükəsizliklə bağlı narahatlıqlarını ifadə edirlər: bu mərhələyə ilk olaraq başqa ölkə, məsələn, Çin çatsa nə baş verəcək?
Sentyabrın əvvəlində OpenAI GPT-6 Astra adlı yeni və daha güclü modelini istifadəyə verməyə başlayıb və bildirib ki, gələcəkdə ona ümumi süni intellektin erkən mərhələsi kimi baxıla bilər. “AGI dövrünə xoş gəlmisiniz”, – OpenAI prezidenti Qreq Brokman yeni modelin təqdimatına həsr olunmuş mətbuat brifinqində deyib.
Lakin bütün bu səs-küyə baxmayaraq, AGI-nin əslində nə olduğu sualı hələ də qarışıq qalır. Alimlər və texnologiya sənayesinin top-menecerləri anlayışın tərifi ilə bağlı razılığa gələ bilmirlər: əsas meyar iqtisadi dəyər olmalıdırmı, AGI insan qabiliyyətlərini üstələyəcəkmi? Hətta onun ümumiyyətlə yaradılmasının, xüsusilə də mövcud süni intellekt arxitekturası əsasında bunun mümkün olub-olmaması da mübahisə mövzusudur.
Brokmanın özü də Astra-nın AGI səviyyəsinə çatıb-çatmadığını müəyyən etməyin çətin olduğunu etiraf edib. O bildirib ki, “bunun onların meyarlarına uyğun olub-olmadığına qərar verməyi oxucuların öz öhdəsinə buraxır”.
AGI nədir?
Ümumi süni intellektin vahid tərifi yoxdur. OpenAI AGI-ni iqtisadi baxımdan əhəmiyyətli tapşırıqların əksəriyyətində insanı üstələyən sistemlər kimi müəyyənləşdirir. Google DeepMind-in 2023-cü ildə dərc etdiyi işdə isə vurğu iqtisadi dəyərdən çox universallığa yönəldilib: təklif olunan meyarlar sistemin faydalı işlərdə insanı üstələmək və ya minimum məlumat əsasında yeni bacarıqları mənimsəmək qabiliyyətini qiymətləndirir.
AGI-ni qiymətləndirmək üçün məşhur testlərdən birini hazırlayan ARC Prize fondu isə daha da irəli gedərək iqtisadi dəyəri “intellekt üçün yanlış ölçü” adlandırır. Təşkilat başqa tərif təklif edir: “AGI öz öyrədilmə məlumatlarından kənarda yeni bacarıqları effektiv şəkildə əldə edə bilən sistemdir”.
Terminologiya da daim dəyişir. Anthropic-in baş direktoru Dario Amodei “AGI” əvəzinə “güclü süni intellekt” ifadəsini işlətməyə üstünlük verir. Microsoft-un süni intellekt istiqamətinin rəhbəri Mustafa Süleyman “praktik imkanlara malik süni intellekt” (artificial capable intelligence) terminini irəli sürüb. Son dövrlərdə isə Meta* və OpenAI daxil olmaqla şirkətlər “superintellekt”dən, yəni AGI-ni və insan intellektini üstələyən hipotetik sistemdən danışmağa başlayıblar.
OpenAI daha əvvəl AGI-yə aparan yol xəritəsini təqdim edərək süni intellektin inkişafının beş mərhələsini təsvir etmişdi. Siyahı süni intellekt bumunun başlanğıcını qoyan çat-botlarla başlayır, daha sonra düşünmə sistemlərinə və insan adından fəaliyyət göstərən agentlərə keçir. OpenAI və rəqibləri son aylarda bu tip məhsullar təqdim ediblər. OpenAI-yə görə, son iki mərhələ “ixtiraların yaradılmasına kömək edən” süni intellekt sistemləri və “bütöv bir təşkilatın işini yerinə yetirə bilən” modellərdir.
AGI hansı tərifdən istifadə olunmasından asılı olmayaraq, “hisslərə” malik, onların əsasında hərəkət edən şüurlu və ya düşünən varlıqla eyni şey deyil. Süni intellektin nə vaxtsa bu səviyyəyə çatacağına dair heç bir əminlik yoxdur, hərçənd insan nitqini təqlid etməsi bəzən istifadəçilərdə əks təəssürat yaradır.
Təriflər və terminlərdəki qarışıqlıq texnologiyanın mövcud vəziyyəti ilə bağlı tamamilə fərqli qiymətləndirmələrə gətirib çıxarır. Bəzi süni intellekt mütəxəssisləri AGI-yə hələ illərin, hətta onilliklərin qaldığını deyirlər. Digər tədqiqatçılar isə Meta*-nın Llama, OpenAI-nin GPT və Anthropic-in Claude kimi mövcud modellərinin artıq bu həddi keçdiyini hesab edirlər.
AGI terminini kim yaradıb?
Daha universal süni intellekt ideyası onilliklərdir tədqiqatçıları düşündürür. Hələ 1950-ci illərdə “universal problem həll edən” sistem yaratmağa cəhd edilmişdi. ChatGPT-nin meydana çıxmasından əvvəl isə sahənin diqqəti sabit qaydalar çərçivəsində konkret tapşırıqları yerinə yetirmək üçün yaradılmış “dar” sistemlərə, məsələn, şəkillərin tanınması və ya mətnlərin xülasələşdirilməsi kimi texnologiyalara yönəlmişdi.
AGI konsepsiyası 2000-ci illərin ortalarında, əsasən kompüter alimi Ben Goertzelin bu ideyanı populyarlaşdırması və onun 2007-ci ildə nəşr olunan “Artificial General Intelligence” kitabı sayəsində geniş yayılmağa başlayıb. DeepMind isə bu ideya üzərində 2010-cu ildən işləyir. Şirkətin həmtəsisçisi və AGI üzrə baş elmi əməkdaşı Şeyn Leqq bildirir ki, həmin vaxt “ümumi süni intellekt” ifadəsi DeepMind-in biznes planının əsas səhifəsində yer almışdı.
2021-ci ildə Leqq bildirib ki, uzun müddətdir AGI-nin 2028-ci ilədək yaradılması ehtimalını 50%, 2040-cı ilədək isə 90% qiymətləndirir. Onun sözlərinə görə, bu fikrə hələ 1999-cu ildən sahibdir.
Ortada nə var?
Bir sıra ekspertlərin fikrincə, AGI “intellekt partlayışı”na, yəni bütöv sənaye sahələrini və cəmiyyəti çox qısa müddətdə dəyişə biləcək kəşflər dalğasına səbəb ola bilər.
Hipotetik ssenarilərdən birinə görə, AGI sistemi özünü sürətlə təkmilləşdirə və xəstəlikləri müalicə etmək, əməyin böyük hissəsini avtomatlaşdırmaq və bəşəriyyətin inkişafını sürətləndirmək səviyyəsinə çata bilər. “Ola bilsin ki, on ildən sonra Yer üzündə hər bir insan bu gün ən nüfuzlu insanın edə bildiyindən daha çox iş görə bilsin”, – OpenAI-nin baş direktoru Sem Altman 2025-ci ilin fevralında bloqunda yazmışdı.
RAND korporasiyasının ekspert və sənaye rəhbərlərinin müsahibələri və araşdırmalarına əsaslanan tədqiqatında AGI-nin milli təhlükəsizlik və qlobal iqtisadi nizam üçün potensial nəticələrinə diqqət çəkilir. Sənəddə AGI-nin müşahidə texnologiyaları, kibermüharibə və ya avtonom silahlar sahəsində sıçrayışlara səbəb ola biləcəyi barədə xəbərdarlıq edilir. Hesabatda ABŞ-nin rəhbərlik etdiyi alyansdan Çinin texnologiya üzərində nəzarəti gücləndirdiyi “avtoritar üstünlük” ssenarisinədək səkkiz variant təsvir olunur. Sənədə görə, əsas məsələ mərkəzləşmədir: əgər AGI-yə ilk olaraq bir ölkə çatsa, bu, qlobal hərbi və iqtisadi tarazlığı yenidən formalaşdıra bilər. Digər tərəfdən, texnologiyaya daha geniş çıxış radikal qruplara təhlükəli üstünlük verə bilər.
Skeptiklər nə deyir?
Sənayenin AGI-yə verdiyi böyük əhəmiyyətə baxmayaraq, onun yaradılma müddəti və ümumiyyətlə mümkün olub-olmaması ilə bağlı ciddi skeptisizm var. 2025-ci ilin martında yüzlərlə tədqiqatçı arasında keçirilmiş və Amerika Süni İntellekt Assosiasiyasının (AAAI) süni intellekt tədqiqatlarının gələcəyi üzrə prezident komissiyası tərəfindən dərc edilmiş sorğu geniş konsensus ortaya qoyub: mövcud sistemləri sadəcə miqyaslandırmaq AGI-yə çatmaq üçün kifayət deyil.
Meta*-nın süni intellekt üzrə keçmiş baş elmi əməkdaşı Yan Lekun dəfələrlə bildirib ki, müasir çat-botların proqram təminatının əsasında dayanan böyük dil modelləri qüsurludur. Onun sözlərinə görə, “onlar hərəkət etməzdən əvvəl düşünə bilmirlər, real dünyada fəaliyyət göstərə və fiziki təcrübə vasitəsilə öyrənə bilmirlər, davamlı yaddaşa və iyerarxik planlaşdırma qabiliyyətinə malik deyillər”.
Bəzi süni intellekt tənqidçiləri müasir modelləri “stoxastik tutuquşular” adlandırırlar: onlar həqiqi anlayış olmadan mətn nümunələrini yenidən qururlar. Bu ifadə statistik təqlidin nə vaxtsa həqiqi intellektə çevrilib-çevrilə bilməyəcəyi ilə bağlı şübhələri qısa şəkildə ifadə edir. Üstəlik, tədqiqatçılar insan intellektinin necə işlədiyini hələ də tam anlamırlar, onu təkrar yaratmaq və ya üstələmək isə daha mürəkkəb məsələdir.
Süni intellekt tədqiqatçısı Marqaret Mitçellin rəhbərliyi ilə 2025-ci ilin iyulunda dərc edilən məqalədə bildirilir ki, AGI ətrafındakı qeyri-müəyyənlik ajiotajı gücləndirir və etibarsız meyarların yaranmasına səbəb olur. Maliyyələşdirmə isə çox vaxt elmi prioritetlərdən deyil, hayp dalğalarından və ya investorların maraqlarından asılı olur. Müəlliflər AGI-yə nail olunduğuna dair böyük iddialara, əgər onlar aydın məqsədlər, ciddi sınaqlar və sübut olunmuş fayda ilə dəstəklənmirsə, skeptik yanaşmağa çağırırlar.
Hansı şirkətlər AGI yaratmağa çalışır?
OpenAI hələ 2015-ci ildə insan səviyyəsində süni intellekt yaratmağı qarşısına məqsəd qoyub və missiyasının AGI-nin “bütün bəşəriyyətə fayda gətirməsini” təmin etmək olduğunu bildirir. Google DeepMind də uzun müddətdir bu istiqamətdə işləyir, yol xəritələri və təhlükəsizlik planları dərc edir.
ChatGPT-nin böyük uğurundan sonra rəqiblər də oxşar ritorikadan istifadə etməyə başlayıblar. Amazon San-Fransiskoda keçmiş OpenAI top-menecerinin rəhbərliyi altında AGI laboratoriyası açıb. Meta* AGI yaratmağı məqsəd elan edib, daha sonra diqqətini “fərdi superintellekt”ə yönəldib. Mark Zukerberq isə süni intellekti hər bir insanın imkanlarını genişləndirən vasitə kimi xarakterizə edib.
Çin şirkətləri də eyni istiqamətdə hərəkət edir. Alibaba AGI-ni özünün “əsas məqsədi” adlandırıb. DeepSeek isə “maraq naminə AGI-nin sirrini açmağa” çalışdığını bildirir və daha güclü süni intellekt texnologiyası yaratmaq, həmçinin ABŞ şirkətləri ilə rəqabət aparmaq üçün daha səmərəli təlim metodları inkişaf etdirir.
Şirkətlər özlərinin dediyinə görə nə qədər irəliləyiblər?
2024-cü ilin sentyabrında Altman demişdi ki, “AGI-yə aparan istiqaməti göstərən sistemlərin konturları artıq görünməyə başlayır” və hətta “bir neçə min gün ərzində superintellekt əldə edə biləcəyimizi” ehtimal etmişdi. Bununla belə, o, prosesin daha uzun çəkə biləcəyini də etiraf etmişdi.
Lakin bir il sonra OpenAI, görünür, hələ də bu mərhələyə aparan yolu axtarırdı. Şirkət avqustda çoxdan gözlənilən GPT-5 modelini nəhayət təqdim etdikdə proqramlaşdırma, mətnlərlə işləmə və insan düşünmə prosesinin imitasiya olunması sahələrində irəliləyiş göstərdi. Amma bir çox istifadəçi üçün bu, sıçrayışdan daha çox növbəti kiçik addım təsiri bağışladı.
Modelin təqdimatı ətrafında şərhlərində Altman etiraf etmişdi ki, AGI-yə çatmaq üçün “bizə hələ də olduqca vacib bir şey çatışmır”, lakin bunun konkret nə olduğunu açıqlamamışdı.
Sentyabrda isə OpenAI-dən Brokman şirkətin ən yeni modelinin “insanların süni intellektə hansı işi həvalə edə biləcəyində və onun insanların imkanlarını necə genişləndirə biləcəyində real dönüş nöqtəsi” olduğunu və şirkəti AGI-yə yaxınlaşdırdığını bildirib. “Düşünürəm ki, hələ çoxlu təkmilləşdirmə tələb olunacaq, amma burada əhəmiyyətli bir şey, keyfiyyət sıçrayışı var”.
Anthropic-in rəhbəri Dario Amodei əvvəlcə “güclü süni intellekt”in artıq bu il ortaya çıxa biləcəyini ehtimal etmişdi. Daha sonra AGI terminini “marketinq termini” adlandıraraq texnologiyanın növbəti mərhələsini “məlumat mərkəzində yerləşən dahilər ölkəsi” ilə müqayisə edib və belə bir ssenarinin yaxın iki-üç ildə kifayət qədər real olduğunu bildirib.
DeepMind-in həmtəsisçisi Demis Hassabis isə AGI-yə hələ beş-on il qaldığını hesab edir və daha qısa müddətli proqnozları qeyri-real adlandırır. “Məncə, AGI-yə hələ kifayət qədər uzun yol var”, – o ötən il bildirib və əlavə edib ki, müddətin qısaldığı təəssüratı yalnız “AGI tərifinin getdikcə bulanıqlaşması” ilə bağlıdır.
Çat-botlar və agent adlandırılan sistemlər son üç ildə ciddi irəliləyiş əldə etsələr də, ən yaxşı müasir modellər hələ də əminliklə uydurma faktlar yaradır və insanın asanlıqla həll etdiyi “konseptual baxımdan sadə” tapşırıqlarda büdrəyirlər. Bura hətta ibtidai sinif şagirdinin həll edə biləcəyi suallar da daxildir. Eyni zamanda həmin modellər daha mürəkkəb problemlərin öhdəsindən gələ bilirlər.
Meyarlar da yanlış təsəvvür yarada bilər. Standartlaşdırılmış testlərdə əla nəticə göstərən sistem eyni suallar başqa cür ifadə ediləndə və ya real dünyadan gələn nizamsız məlumatlar şəklində təqdim olunanda uğursuzluğa düçar ola bilər. DeepMind vurğulayır ki, AGI ən müxtəlif şəraitlərdə sabit və etibarlı işləməlidir.







