Azərbaycan iqtisadiyyatı 2026-cı ilin ilk beş ayında illik müqayisədə 0.0% olmaqla dəyişməz qalıb. Halbuki, apreldə bu 0.2% olmaqla martdakı 0.3%-lik resessiyadan çıxmışdı.
Banker.az bunu Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
Bildirilir ki, neft-qaz sektoru illik müqayisədə 0.1 faiz kiçilib, qeyri neft-qaz sektoru isə 0.4% artıb. Bununla belə, qeyri neft-qaz sektorundakı artım neft sektorundakı azalmanı kompensasiya edə bilməyib.
Ümimi daxili məhsul istehsalı ilk 5 ayda 51 milyard 783,8 milyon manat həcmində olmaqla bunun da, 35 milyard 658,4 milyon manatı qeyri-neft sektorunun payına düşüb.
Bundan əlavə ölkədə sənaye istehsalı illik 0.2% artaraq 27 milyard 524,2 milyon manat olub.
BƏS PROQNOZLAR NECƏDİR?
Azərbaycanın İqtisadiyyat Nazirliyinin 2025-ci ildə növbəti illər üçün verdiyi proqnoza görə, 2026-cı ildə Azərbaycanda iqtisadi artım 3.2% proqnozlaşdırılıb. Məlumata görə, 2027-2028-ci illərdə ölkədə iqtisadi artım 3.6%, 2029-cu ildə isə 4.1% müəyyən edilirdi.
Mərkəzi Bank mayda bu il və növbəti il üçün Azərbaycanda ÜDM artımının fevraldakı proqnozlarla müqayisədə endirib. Belə ki, 2026-cı il üçün 2,9 %-dən 1,1 %-ə, 2027-ci ildə isə 4,7 %-dən 3,2 %-ə endirib. AMB-nin sədri Taleh Kazımov qeyd edib ki, iqtisadi artıma daxili tələbin və qeyri-neft sektorundakı aktivliyin dəstək verəcəyi gözlənilir.
Dünya Bankı 2026-cı ildə Azərbaycanda ÜDM-in 2 %, 2027-ci ildə isə 1,8 % artacağını gözləyir. Dünya Bankının proqnozlarına görə, 2026 və 2027-ci illərdə Cənubi Qafqaz dövlətlərinin ÜDM-nin ümumi artımı hər il 3,4 %-ə çatacaq. Hesabatda vurğulanır ki, Azərbaycanda fiskal siyasətin sərtləşdirilməsi nəticəsində investisiya xərclərinin normallaşması, eləcə də neft hasilatı həcmlərinin əhəmiyyətli dərəcədə azalması 2025-ci ildə iqtisadi artım tempinin 1,4 %-ə enməsinə səbəb olub, bu isə 2024-cü ilin göstəricisindən təxminən üç dəfə azdır.
Qeyd edək ki, iqtisadçı-ekspert Elman Sadıqov iqtisadi artım tempinin inkişaf etməkdə olan ölkələr üçün yetərsiz olduğunu bildirib. Onun sözlərinə görə, “inkişaf etmiş iqtisadiyyatlar üçün böyümə hədəfi 2% ətrafında olur, inkişaf etməkdə olan iqtisadiyyatlar üçün isə minimum 5% hədəfində”, bu səbəbdən “ölkəmiz üçün 3% ətrafında böyümə hədəfinin müəyyən edilməsi yanlışdır”.
Ekspert həmçinin bildirib ki, 2024-cü ilin ortalarından etibarən Azərbaycan iqtisadiyyatında daralma tendensiyası müşahidə olunur. O qeyd edib ki, “iqtisadiyyat ya spiralvari genişlənər, ya daralar” və qarşıdakı dövrlərdə iqtisadiyyata həm daxili, həm də xarici faktorların əlavə təzyiq formalaşdırması ehtimalı yüksəkdir.






