“Volkswagen” ilin sonunadək 19 min əməkdaşını ixtisar etməyi planlaşdırır. Bu barədə “Reuters” agentliyi şirkətin baş icraçı direktoru Oliver Blumenin iyunun 18-də keçiriləcək illik səhmdarlar yığıncağında səsləndirəcəyi çıxışın mətninə istinadən məlumat yayıb.
İxtisarlar VW-nin xərclərin azaldılması üzrə genişmiqyaslı proqramının bir hissəsidir. Şirkət son illərdə tələbatın zəifləməsi, elektromobillərin satışındakı çətinliklər və Çin istehsalçılarının artan rəqabəti ilə üzləşib. Hələ 2024-cü ildə VW bəzi zavodlarını bağlamağa və on minlərlə iş yerini ixtisar etməyə məcbur qala biləcəyini açıqlamışdı.
“Reuters”in məlumatına görə, Oliver Blume elan etməyi planlaşdırdığı ixtisarların 2030-cu ilədək işçi sayının ümumilikdə 28 min nəfər azaldılması proqramının tərkib hissəsi olduğunu bildirəcək.
Agentliyin yazdığına görə, VW rəhbəri səhmdarlara həmçinin şirkətin Almaniyadakı zavodlarında istehsal xərclərini artıq 20%-dən çox azaltmağa nail olduğunu açıqlayacaq.






