“OpenAI” ötən il IPO-ya hazırlıq çərçivəsində 34 milyard dollar xərcləyib. Bu barədə “Financial Times” (FT) şirkətin maliyyə sənədlərinə istinadən məlumat yayıb.
Məlumata görə, “OpenAI” 2025-ci ildə təxminən 19 milyard dolları tədqiqat və yeni texnologiyaların hazırlanmasına, daha 6 milyard dolları isə marketinq və satışların təşviqinə yönəldib.
İyunun 8-də “OpenAI” ABŞ tənzimləyici qurumlarına ilkin kütləvi səhmləşmə (IPO) üçün müraciət təqdim edib. Şirkət yerləşdirmənin dəqiq tarixini açıqlamayıb. “Reuters” agentliyinin məlumatına görə, “OpenAI” 2026-cı ilin sentyabrında birjaya çıxa bilər. Qeyri-rəsmi məlumatlara əsasən, şirkət IPO vasitəsilə 60 milyard dollara qədər vəsait cəlb etməyi planlaşdırır.
FT qeyd edir ki, ötən ilin xərcləri əvvəlki ilin göstəricilərini əhəmiyyətli dərəcədə üstələyib. Bu, “OpenAI”nin məlumat mərkəzlərinin inkişafına və süni intellekt sahəsində aparıcı tədqiqatçıların cəlb edilməsinə böyük vəsait ayırdığını göstərir.
Şirkətin gəlirləri də artıb. 2025-ci ilin yekunlarına görə “OpenAI”nin gəliri təxminən 13 milyard dollar təşkil edib. Lakin xərclərin sürətlə yüksəlməsi xalis zərərin də kəskin artmasına səbəb olub. Belə ki, şirkətin zərəri 2024-cü ildəki 5 milyard dollardan təxminən 39 milyard dollara yüksəlib.







