Hindistanın ən böyük telekommunikasiya operatoru olan “Reliance Jio Infocomm” şirkəti bu il IPO keçirməyi planlaşdırır. “Financial Times” (FT) mənbələrə istinadən yazır ki, şirkət yaxın günlərdə səhmlərin ilkin yerləşdirilməsi üçün Hindistan tənzimləyicilərinə müraciət edəcək.
FT-nin məlumatına görə, “Jio”nun IPO-su bu il Hindistanda ən böyük yerləşdirmə ola bilər. 2026-cı ilin əvvəlindən bəri ölkədə keçirilən bütün IPO-ların ümumi həcmi 2,1 milyard dollar təşkil edib. “Jio”nun yerləşdirməsinin isə şirkətə təxminən 4 milyard dollar cəlb edəcəyi proqnozlaşdırılır.
Ambani ötən il də “Jio”nun IPO-ya çıxarılması planlarından danışmışdı. Lakin İranla bağlı müharibənin başlamasından sonra Hindistan fond bazarında geriləmə müşahidə olunduğundan bu planlar təxirə salınmışdı. “Jio”nun sahibi olan “Reliance Industries”in səhmləri ilin əvvəlindən bəri 15% ucuzlaşıb.
Bu şəraitdə Hindistanda bir sıra digər iri yerləşdirmələr də təxirə salınıb. Onların arasında “Walmart”a məxsus “PhonePe” fintex xidmətinin IPO-su da var. “Prime Database” tədqiqat platformasının məlumatına görə, cari ilin ilk beş ayında Hindistanda IPO-ların ümumi həcmi 2025-ci ilin eyni dövrü ilə müqayisədə 39% azalıb.
Bununla belə, FT-nin mənbələrinin bildirdiyinə görə, Mukeş Ambani “Jio”nu bu il birjaya çıxarmaq qərarını dəyişməyib. “Rothschild” maliyyə qrupunun Hindistan bölməsinin səhm bazarı üzrə direktoru Anuraq Byas hesab edir ki, ABŞ və İran arasında saziş imzalanarsa, ilin ikinci yarısında Hindistan IPO bazarında ümumi canlanma müşahidə oluna bilər.







