Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən DOST xidmətləri şəbəkəsinin ölkə boyu genişləndirilməsi işlərinin davamı olaraq, Neftçala rayonunda DOST filialı fəaliyyətə başlayıb.
Bu barədə ƏƏSMN-dən məlumat verilib.
Bildirilib ki, əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev və Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov filialda yaradılan şəraiti və vətəndaşların qəbulu, onlara xidmətlərin göstərilməsi prosesini nəzərdən keçiriblər.
Neftçala şəhəri, Heydər Əliyev prospekti, giriş 76 ünvanında yerləşən filialın inzibati binası modern və konstruktivlik elementləri ilə müasir üslubda layihələndirilib. 2 mərtəbədən ibarət binanın ümumi sahəsi 535 m2-dir.
10 nəfər işçi heyətlə xidmət göstərəcək Neftçala DOST filialında gün ərzində orta hesabla 100-dək vətəndaşın qəbulu nəzərdə tutulur.






