Müxtəlif ölkələrdə rekord səviyyəyə çatan dövlət borcu, davam edən inflyasiya və süni intellekt (Sİ) bumunun yaratdığı qeyri-sabitlik qlobal iqtisadi riskləri artırır. Bu proqnoz “Bank for International Settlementsa”ın (BIS) iqtisadiyyatın vəziyyətinə dair illik hesabatında yer alıb.
BIS analitikləri dünya iqtisadiyyatına təzyiq göstərən və qlobal riskləri artıran dörd əsas amili qeyd ediblər. Onlardan birincisi yüksək inflyasiya tempinin davam etməsidir. Hesabatda bildirilir ki, tədarük zəncirlərindəki pozuntular biznes və istehlakçılar arasında yüksək inflyasiya gözləntilərinin möhkəmlənməsinə səbəb olur. BIS ABŞ və İran arasında əldə olunan razılaşmanı və Hörmüz boğazının açılmasını “müsbət xəbər” adlandırıb, çünki bunun ən mənfi ssenarilərin qarşısını almağa kömək edəcəyi gözlənilir.
İkinci amil süni intellekt və bu texnologiyalara yatırımların bumu ilə bağlı qeyri-müəyyənlikdir. BIS qeyd edir ki, narahatlıqlar həm bu sahəyə həddindən artıq investisiyaların yönəldilməsi, həm də Sİ-nin əmək bazarına mümkün mənfi təsiri ilə əlaqədardır. Bundan əlavə, bankın analitiklərini aktivlərin şişirdilmiş qiymətləndirilməsi və əsasən borc vəsaitləri hesabına maliyyələşdirilən Sİ bumundan qaynaqlanan maliyyə zəiflikləri də narahat edir.
BIS-in narahatlıq doğuran dördüncü amili isə müxtəlif ölkələrdə dövlət borcunun artmaqda davam etməsidir. Hesabatda qeyd olunur ki, bu vəziyyət “suverenlik və maliyyə sabitliyi arasında yeni bağlılıq” yaradır. BIS analitikləri dünya siyasətçilərini dövlət borcunun azaldılması, qiymət artımının cilovlanması və maliyyə dayanıqlığının təmin edilməsi məqsədilə daha intizamlı yanaşmaya çağırıblar.







