2026-cı ilin ikinci rübünün yekunlarına görə, Brent markalı neftin fyuçersləri 38,4%, West Texas Intermediate (WTI) üzrə fyuçerslər isə 31,4% ucuzlaşıb. Bu cür kəskin eniş sonuncu dəfə 2020-ci ildə pandemiya dövründə müşahidə olunmuşdu. Həmin vaxt neftin qiyməti 66% düşmüşdü. Bu barədə Bloomberg məlumat yayıb.
Təkcə iyun ayında hər iki neft markasının kotirovkaları müvafiq olaraq 20,8% və 20,4% azalıb. İyunun 30-da Brent-in sentyabr fyuçersləri 0,31%, WTI-nin avqust fyuçersləri isə 1,77% ucuzlaşıb.
Bloomberg qeyd edir ki, neft qiymətlərinin kəskin enməsi Hörmüz boğazının yenidən açılması ilə əlaqədardır. Bu fonda getdikcə daha çox gəmi Fars körfəzini tərk edir və neft hasilatı həcmləri artır.
ABŞ və İsrailin fevral ayında İrana qarşı əməliyyata başlamasından sonra İslam Respublikası Hörmüz boğazını bağlamışdı. Hərbi əməliyyatlardan əvvəl qlobal neft tədarükünün təxminən 20%-i bu marşrut vasitəsilə həyata keçirilirdi.
Vaşinqton və Tehran arasında razılaşmanın əldə olunması ilə bağlı ilk xəbərlərdən sonra neft qiymətləri enməyə başlayıb. İyunun 24-də isə kotirovkalar ilk dəfə olaraq müharibədən əvvəlki səviyyəyə qayıdıb.







