Dövlətə məxsus “Cənub Qaz Dəhlizi” QSC və onun törəmə şirkətləri birlkdə 2025-ci ili 2 milyard 772.45 mln. manat xalis mənfəətlə başa vurub ki, bu da 2024-cü illə müqayisədə 5.74% azdır.
Banker.az qaz boru kəmərinin operatorunun illik konsolidə edilmiş audit hesabatına istinadən xəbər verir. Auditi “E&Y” audit şirkəti aparıb.
Mənfəətin azalması əsasən gəlirlərin geriləməsi və digər gəlirlərin aşağı düşməsi fonunda formalaşıb. Şirkətin gəlirləri azalsa da, satışın maya dəyərinin daha sürətli azalması əməliyyat mənfəətini dəstəkləyib. Hesabat dövrünün sonunda bölüşdürülməmiş mənfəət 6 mlrd. 666.38 mln. manat olub ki, bu da illik müqayisədə 18.61% artım deməkdir.
Şirkətin ümumi gəlirləri 5 mlrd. 76.55 mln. manat təşkil edib və bu göstərici illik müqayisədə 8.08% azalıb. Satışın maya dəyəri isə 1 mlrd. 156.78 mln. manat olub və 3.54% azalıb. Nəticədə ümumi mənfəət 3 mlrd. 919.77 mln. manat təşkil etsə də, bu göstərici əvvəlki illə müqayisədə 4.98% geriləyib.
2025-ci ilin sonuna “Cənub Qaz Dəhlizi” QSC-nin cəmi aktivləri 24 mlrd. 846.25 mln. manat olub ki, bu da illik müqayisədə 7.45% artım deməkdir. Aktivlərin tərkibində kredit portfeli (verilmiş uzun və qısamüddətli borclar) 113.95 mln. manat təşkil edib və cəmi aktivlərin təxminən 0.46%-ni formalaşdırıb.
Şirkətin cəmi öhdəlikləri ilin sonunda 9 mlrd. 369.97 mln. manat olub və bu göstərici 16.53% azalıb. Cəmi kapital isə 15 mlrd. 476.28 mln. manata yüksələrək 13.06% artıb. Hesabat ilində səhmdarlara və törəmə müəssisələrin qeyri-nəzarət payı üzrə ümumilikdə 1 mlrd. 99.56 mln. manat dividend ödənilib ki, bu da 2024-cü ildə ödənilmiş 977.62 mln. manat ilə müqayisədə 12.47% çoxdur.
Xastırladaq ki, 2014-cü ildə yaradılan “Southern Gas Corridor” QSC Azərbaycan dövlətinin Şahdəniz-2, Cənub Qaz Dəhlizi, TANAP və TAP layihələrindəki iştirak paylarının idarə edilməsi və maliyyələşdirilməsi məqsədilə fəaliyyət göstərir. Şirkətin tərkibinə “SGC Upstream” MMC, “SGC Midstream” MMC, Türkiyədə fəaliyyət göstərən TANAP Doğalgaz İletim A.Ş. (51% pay) və İsveçrədə qeydiyyatdan keçmiş AzTAP GmbH daxildir. AzTAP GmbH vasitəsilə şirkət TAP AG-də 20% paya sahibdir.







