Ermənistanın Baş naziri Nikol Paşinyan ölkədə yerləşən Rusiyanın 102-ci hərbi bazası ilə bağlı məsələnin Ermənistan tərəfindən müzakirəyə çıxarılmadığını bildirib.
Ermənistan mediası xəbər verir ki, Paşinyan bu barədə parlamentdə jurnalistlər üçün keçirdiyi brifinqdə danışıb.
Baş nazir bildirib ki, məsələni müzakirəyə Rusiya tərəfi çıxarıb və Ermənistan bununla bağlı mövqeyini həmin müzakirələr çərçivəsində formalaşdırır.
“Mən dünən parlamentdə də bu barədə dedim, sizə də söylədim: biz heç vaxt Ermənistanda fəaliyyət göstərən Rusiya hərbi bazası məsələsini müzakirəyə çıxarmamışıq. Bu məsələni Rusiya müzakirəyə çıxarıb və biz də bu müzakirə ətrafında mövqe bildiririk”, – Paşinyan deyib.
O, 2022-ci ilin sentyabrında baş verən hadisələrin 102-ci hərbi bazanın Ermənistanın təhlükəsizliyi baxımından həyati əhəmiyyət daşımadığını göstərdiyini bildirib.
“102-ci hərbi baza və 2022-ci ilin sentyabr hadisələri göstərdi ki, bu baza Ermənistanın təhlükəsizliyi üçün həyati əhəmiyyət daşımır. İndi bu məsələni onlar müzakirəyə çıxarıblar? Çox yaxşı, hörmətlə yanaşırıq”, – Paşinyan qeyd edib.
Baş nazir vurğulayıb ki, Ermənistan rəsmiləri tərəfindən Rusiya tərəfinin nümayəndələri qarşısında bu məsələ ilə bağlı hər hansı rəsmi müraciət edilməyib.
“Bir daha deyirəm: bizim rəsmilərimizdən heç biri Rusiya rəsmisi qarşısında belə bir məsələ qaldırmayıb və biz bunu açıq şəkildə də müzakirə etməmişik”, – Paşinyan əlavə edib.
Paşinyan onu da deyib ki, hərbi baza Ermənistana lazım deyil: “Rusiya bizim dost ölkəmizdir, əgər onu çıxarmaq istəyirlərsə, qoy çıxarsınlar, sabah çıxarsınlar. Əgər qalmaq istəyirlərsə, biz bazanın Ermənistan Respublikasında qalması üçün şərtləri müzakirə etməyə hazırıq”.







