Yaponiyanın Baş naziri Sanae Takaiti və onun hindistanlı həmkarı Narendra Modi iyulun 2-də Yeni Dehlidə keçirilən görüşdə yarımkeçiricilər, süni intellekt, kritik minerallar və dəniz təhlükəsizliyi sahələrində əməkdaşlığın genişləndirilməsi barədə razılığa gəliblər. Bu barədə “Kyodo News” agentliyi məlumat yayıb.
“Yaponiyanın yüksək dəqiqlikli texnologiyalar sahəsindəki üstünlüklərinin Hindistanın proqram təminatının hazırlanması sahəsindəki imkanları ilə birləşdirilməsi süni intellektin qlobal inkişafını sürətləndirməyə kömək edəcək”, – Narendra Modi birgə brifinqdə bildirib.
Sanae Takaitinin sözlərinə görə, danışıqların yekununda tərəflər özəl investisiyalar çərçivəsində təxminən 2 trilyon yen (12,4 milyard ABŞ dolları) həcmində vəsaiti əhatə edən 120-yə yaxın əməkdaşlıq memorandumu imzalayıblar.
Agentliyin qeyd etdiyi kimi, bu razılaşmalar Tokio üçün strateji əhəmiyyət daşıyır, çünki Yaponiya Pekindən qaynaqlanan iqtisadi təhlükəsizlik çağırışları ilə üzləşir. İki ölkə arasındakı münasibətlər Çin hökumətinin yanvar ayında Yaponiyaya ikili təyinatlı malların, o cümlədən nadir torpaq elementlərinin tədarükünə nəzarəti sərtləşdirməsindən sonra gərginləşib.
“İqtisadi təhlükəsizlik sahəsində əməkdaşlıq üzrə birgə bəyannamə”də Yaponiya və Hindistan “iqtisadi məcburetmə və bazar prinsiplərinə uyğun olmayan siyasət və təcrübələrin, o cümlədən əsassız ixrac məhdudiyyətlərinin tətbiqi ilə bağlı ciddi narahatlıqlarını” ifadə ediblər.
Tərəflər həmçinin informasiya-kommunikasiya texnologiyaları, təmiz enerji və əczaçılıq kimi sahələrdə həmfikir ölkələr arasında etibarlı təchizat zəncirlərinin yaradılmasının vacibliyini vurğulayıblar.







