Azərbaycanın iri BOKT-larından biri 7 milyonluq istiqraz cəlb etmək istəyir

Bank Olmayan Kredit Təşkilatı (BOKT) “EmbaFinans” QSC, kredit portfelinin dinamik inkişafını və gələcək fəaliyyətini dəstəkləmək məqsədilə yeni istiqraz emissiyasını elan edib. Banker.az bunu Emissiya prospekti və ya informasiya memorandumuna istinadən xəbər verir. BOKT tərəfindən ümumilikdə 70 000 ədəd, hər birinin nominal dəyəri 100 manat olan faizli, təmin edilməmiş və sənədsiz adlı istiqrazların Baza Emissiya Prospekti təsdiq edilib.

Təklif olunan istiqrazlar üzrə illik faiz dərəcəsi 13% təşkil edir. İstiqrazların tədavül müddəti 12 aydır və hesablanmış faiz gəlirləri investorlara hər 3 təqvim ayından bir (rüblük) nağdsız qaydada ödəniləcək. İstiqrazların nominal dəyəri isə dövriyyə müddətinin sonunda sonuncu kupon ödənişi ilə birgə tam şəkildə qaytarılacaq. Emissiyanın ümumi həcmi 7 milyon manat, anderrayter “Unicapital İnvestisiya Şirkəti” ASC-dir.

Mövcud Vergi Məcəlləsinə əsasən, kütləvi təklif edilmiş və tənzimlənən bazarda ticarətə buraxılmış istiqrazlar üzrə ödənilən faiz gəlirləri fiziki şəxslər üçün 2028-ci ilin fevral ayının 1-dək vergidən azaddır.

“Baker Tilly Audit Azerbaijan” QSC tərəfindən aparılan son audit yoxlamalarının nəticələrinə əsasən, şirkətin maliyyə hesabatlarına müsbət rəy verilib. “EmbaFinans” son illərdə dayanıqlı böyümə nümayiş etdirib.

BOKT-un biznesinin əsas hərəkətverici qüvvəsi olan kredit portfelində ciddi böyümə qeydə alınıb. Belə ki, 2024-cü ildə 61,99 milyon manat təşkil edən kredit portfeli 26.4% artaraq 2025-ci ilin sonuna 78,33 milyon manata yüksəlib. Aktiv artım tendensiyası cari ildə də davam edib və 2026-cı ilin ilk 3 ayının nəticələrinə görə, portfelin həcmi artıq 85,45 milyon manata çatıb. Eyni zamanda, təşkilatın cəmi aktivləri 2025-ci ilin yekununda 85,70 milyon manat olaraq rəsmiləşib.

2024-cü ili 7,2 milyon manat xalis mənfəətlə başa vuran BOKT, 2025-ci ilin yekununda bu rəqəmi 8,12 milyon manata çatdırıb. Cari ilin birinci rübündə isə şirkət 2,67 milyon manat xalis mənfəət əldə edərək böyük sıçrayış edib. Müqayisə üçün qeyd edək ki, ötən ilin eyni dövründə bu göstərici 1,42 milyon manat təşkil edirdi ki, bu da illik müqayisədə mənfəətin təxminən iki dəfəyə yaxın artdığını göstərir.

Qeyd edək ki, “EmbaFinans” QSC ölkənin aparıcı mebel brendləri (“Embawood”, “Madeyra”, “IdealDizayn”) ilə eksklüziv tərəfdaşlıq şəbəkəsinə malikdir və ümumi BOKT sektorunda təxminən 7.5% – 8% civarında bazar payı ilə ilk 5 böyük təşkilatdan biridir. Təşkilat fəaliyyətə başladığı 2012-ci ildən bəri 705 mln. manatdan çox kredit verib və portfelin cəmi 0.9%-i gecikmiş statusdadır. Şirkət həmçinin 2018-ci ildən bəri “Şəffaf vergi ödəyicisi” statusunu daşıyır.

 

Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər