2026-cı ilin yanvar-iyun aylarında Azərbaycan Respublikasının dövlət xəzinə əməliyyatlarına dair müraciətlərin qanunvericiliyin tələblərinə uyğun, sürətli və xətasız icrası təmin edilib, xəzinədarlıq orqanları tərəfindən 624 mindən çox ödəniş tapşırığı vaxtında və tam şəkildə icra edilib.
Banker.az xəbər verir ki, bu barədə Maliyyə Nazirliyi məlumat yayıb.
Cari ilin yanvar-iyun ayları ərzində dövlət büdcəsinin gəlirləri 19 milyard 179,4 milyon manat təşkil edib ki, bu da proqnozu 350,5 milyon manat və ya 1,9 faiz üstələyib.
I yarımildə dövlət büdcəsinin xərcləri 17 milyard 230,6 milyon manat proqnoza qarşı 16 milyard 775,5 milyon manat məbləğində icra edilib ki, bu da 97.4 faiz təşkil edir.
Bundan başqa, cari ilin yanvar-iyun ayları ərzində dövlət büdcəsi ilə yanaşı, Naxçıvan MR-nın büdcəsini, Dövlət Neft Fondu (ARDNF), Dövlət Sosial Müdafiə Fondu və digər mühüm dövlət fondlarını özündə birləşdirən icmal büdcənin gəlirləri 24 milyard 414,1 milyon manat, xərcləri isə 19 milyard 824,4 milyon manat məbləğində icra edilib. Nəticədə icmal büdcədə gəlirlərin xərcləri üstələməsi hesabına 4 milyard 589,7 milyon manatlıq icmal profisit (büdcə artığı) yaranıb.







