ABŞ ordusu çərşənbə axşamı İrana qarşı yeni hava zərbələri endirib və Tehrana neft satışına imkan verən lisenziyanı ləğv edib. Banker.az xəbər verir ki, bu addımlar Hörmüz boğazında üç tankerin hücuma məruz qalmasından sonra atılıb və kövrək atəşkəsə təzyiqi artırıb.
İranın ali dini lideri Ayətullah Əli Xameneinin Qum şəhərində keçirilən dəfn mərasimi fonunda ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) 80-dən çox hədəfə zərbə endirdiyini açıqlayıb. Bildirilib ki, İslam İnqilabı Keşikçiləri Korpusuna məxsus 60-dan çox kiçik hərbi qayıq məhv edilib və məqsəd İranın kommersiya gəmilərinə hücum imkanlarını zəiflətməkdir.
İran Silahlı Qüvvələrinin Xatəm əl-Ənbiya Mərkəzi Qərargahı hücumları “açıq təcavüz aktı” adlandıraraq “əzici cavab” veriləcəyini və Hörmüz boğazının idarə edilməsinə ABŞ müdaxiləsinə imkan verməyəcəyini bəyan edib.
İran mediası Xarq adası, Qeşm adası, Sirik və Bəndər-Abbasda partlayışlar barədə məlumat yayıb. Sirik limanında bir neçə nəfərin qəlpə yarası aldığı, balıqçı körpüləri və qayıqlarının zərər gördüyü bildirilib. “Reuters”ə danışan ABŞ rəsmisi zərbələrin hava hücumundan müdafiə sistemləri, sahil müşahidə sistemləri, raketlər və pilotsuz uçuş aparatlarının buraxılış məntəqələrini hədəf aldığını deyib.
Vaşinqton eyni zamanda İrana beynəlxalq bazarlarda neft satmağa imkan verən lisenziyanı ləğv edib. ABŞ Maliyyə Nazirliyi İrana əməliyyatları iyulun 17-dək dayandırmaq üçün vaxt verib. Bu qərardan sonra Brent markalı neftin qiyməti 3%-dən çox artıb.
Qətər Hörmüz boğazında gəmilərə hücumların arxasında İranın dayandığını bildirib. Məlumata görə, “Al Rekayyat” LNG tankeri pilotsuz uçuş aparatı ilə vurulub, Səudiyyə Ərəbistanı bayrağı altında üzən bir neft tankeri də zədələnib. İran ittihamları rədd edərək Qətərin mövqeyini “anlaşılmaz” adlandırıb.
Atəşkəs yekun sülh sazişi üzrə danışıqlar üçün 60 günlük müddət nəzərdə tutsa da, Qətərdə keçirilən son dolayı danışıqlar nəticəsiz başa çatıb.







