Azərbaycana beynəlxalq tədbirlər gətirən şirkətlər üçün subsidiya mexanizmi yaradılacaq

Azərbaycana miqyaslı beynəlxalq tədbirlər və konsert proqramları cəlb edən şirkətlərin subsidiya ilə dəstəklənməsi nəzərdə tutulur.

Bunu Dövlət Turizm Agentliyi yanında Azərbaycan Turizm Bürosunun (ATB) İdarə Heyətinin sədr müavini Rəşad Əliyev deyib.

Onun sözlərinə görə, sözügedən mexanizm hazırlanma mərhələsində olan turizm sahəsi üzrə yeni dövlət proqramında əks olunub.

“Dövlət proqramı çərçivəsində subsidiya mexanizmi nəzərdə tutulub. Əsas məqsəd ölkəyə iri beynəlxalq tədbirlərin, konsertlərin və əyləncə layihələrinin gətirilməsinin həvəsləndirilməsidir. Bu cür tədbirləri Azərbaycana gətirən şirkətlərə hər turist üzrə subsidiya ayrılması planlaşdırılır. İşgüzar turizm (MICE) Azərbaycanın əsas prioritet sahələrindən birini təşkil edir və ölkə bu istiqamətdə ciddi potensiala sahibdir. COP29 kimi genişmiqyaslı beynəlxalq hadisələrin müvəffəqiyyətlə təşkili Azərbaycanın böyük tədbirlərə ev sahibliyi edə bilmə qabiliyyətini bir daha sübut edib. Yeni subsidiya mexanizmi də bu sahədə fəaliyyət göstərən şirkətlərin stimullaşdırılmasına xidmət edəcək”, – R. Əliyev bildirib.

R. Əliyev həmçinin qeyd edib ki, Azərbaycanda turizm sahəsinin inkişafına dair yeni dövlət proqramının hazırlanması üzrə iş tamamlanmaq üzrədir. “Dövlət proqramı üzərində fəaliyyət keçən ilin ortalarından etibarən aparılır. Bu proses müvafiq mərhələlərdən və hökumətlərarası razılaşdırma prosedurlarından keçib. Hazırda proqram yekun mərhələdədir. Sənəd turizm sektorunun uzunmüddətli perspektivdə inkişafını təmin edəcək tədbirləri özündə birləşdirir. Proqramda 2026-cı il ərzində həyata keçirilməsi planlaşdırılan fəaliyyətlər də öz yerini tapıb və onların icrası üçün hazırlıq prosesi artıq başlayıb. Dövlət proqramı ilə əlaqədar ətraflı məlumat gələcək müzakirələr çərçivəsində ictimaiyyətə çatdırılacaq”.

MənbəREPORT
Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər