ABŞ prezidenti Donald Tramp Ədliyyə Nazirliyinə Braziliyadan idxal olunan məhsulların böyük hissəsinə 25%-lik gömrük rüsumu tətbiq etməyi tapşırıb. Bu barədə ABŞ dövlət katibi Marko Rubio məlumat verib.
Rüsumlar ilk dəfə ötən ay təklif olunmuşdu və iyulun 22-dən qüvvəyə minəcək. Reuters-in məlumatına görə, bundan əvvəl tərəflər bir neçə ay intensiv, lakin əsasən nəticəsiz danışıqlar aparıblar.
Associated Press yazır ki, ABŞ Ticarət Nümayəndəliyinin apardığı araşdırmanın nəticələrinə əsasən, Braziliya korrupsiyaya qarşı zəif nəzarət və yüksək idxal rüsumları da daxil olmaqla, ədalətsiz ticarət praktikalarından istifadə edir.
“Gəlin səbəbləri qarışdırmayaq: prezident Lula və onun hökuməti ABŞ ilə vicdanlı danışıqlar aparmayıb. Onun iqtisadi siyasəti həm amerikalılara, həm də braziliyalılara zərər verir”, — Marko Rubio X sosial şəbəkəsində yazıb.
Rubionun sözlərinə görə, ötən il ərzində Braziliya prezidenti Luiz İnasiu Lula da Silva “Braziliya xalqının maraqlarına uyğun saziş bağlamaq əvəzinə öz eqosunu üstün tutub. Bu tariflər bunun əvəzidir”, — deyə o əlavə edib.
Sərəncamda bir sıra istisnalar da nəzərdə tutulub. Sənədə əsasən, ABŞ-də istehsal olunmayan və ya tədarükündə yaranacaq fasilələrin istehsal zəncirlərinə zərər vuracağı məhsullar məhdudiyyətlərə məruz qalmayacaq. Bunlara qəhvə, mal əti, portağal və portağal şirəsi, bəzi neft-qaz məhsulları, eləcə də aerokosmik sənaye üçün hissə və komponentlər daxildir.







