“Azərenerji”də 1.7 milyard manatdan çox zərər yığılıb

“Azərenerji” ASC 2025-ci ili 128 milyon 245 min manat mənfəətlə başa vurub. 2024-cü ildə ASC-nin mənfəəti 173 milyon 834 min manat olub ki, bu da illik müqayisədə 26.2% azalma deməkdir.

Banker.az bu barədə qurmun maliyyə hesabatına istinadən xəbər verir.

Ötən il “Azərenerji” ASC-nin cəmi gəlirləri 11% artaraq 1 milyard 468 milyon manatdan 1 milyard 629 milyon manata çatıb.

31 dekabr 2025-ci il tarixində “Azərenerji”də 1 milyard 711 milyon manat yığılmış zərər olub. 2024-cü ilin sonunda yığılmış zərər 1 milyard 820 milyon manat idi.

Hesabat dövründə “Azərenerji”nin cəmi aktivləri 5 milyard 912 milyon manatdan 6 milyard 431 milyon manata, cəmi öhdəlikləri 2 milyard 821 milyon manatdan 3 milyard 98 milyon manata, cəmi kapitalı isə 3 milyard 92 milyon manatdan 3 milyard 333 milyon manata çatıb.

Xatırladaq ki, “Azərenerji”nin nizamnamə kapitalı 1 milyard 760 milyon manatdır. Səhmləri dövlətə məxsusdur.

“Azərenerji” Açıq Səhmdar Cəmiyyəti ölkənin elektroenergetika sisteminin fəaliyyətini təmin etməklə, elektrik enerjisinin istehsalı və ötürülməsinin, vahid mərkəzdən idarə olunan elektrik stansiyalarının, yarımstansiyaların, sistemtəşkiledici yüksək gərginlikli – 110, 220, 330, 500 kilovoltuq elektrik verilişi xətlərinin və onların dispetçer idarəetmə vasitələrinin koordinasiyasını həyata keçirir. Yeni texnologiyalar tətbiq edərək, respublikamızda generasiya güclərinin artırılması və yüksək gərginlikli elektrik verilişi xətlərinin yenidən qurulmasını təşkil edir. Eyni zamanda, xarici ölkələrlə enerji mübadiləsi əməliyyatlarını aparır.

 

Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər