2026-cı ilin ilk beş ayında Azərbaycan 204,7 min ton dizel yanacağı və ya ağır distilyatlar və digər məqsədlər üçün qazoyllar ixrac edib.
Banker.az xəbər verir ki, ixracın dəyəri 211,7 milyon ABŞ dolları təşkil edib. Ötən ilin eyni dövrü ilə müqayisədə ixracın həcmi 49%, dəyəri isə 270,3% artıb. Müqayisə üçün xatırladaq ki, 2025-ci ilin ilk beş ayında ölkə 137,4 min ton dizel ixracından 57,2 milyon dollar gəlir əldə etmişdi.
Hesablamalara görə, 2026-cı ilin ilk beş ayında ixrac olunan dizelin orta qiyməti 1 034 ABŞ dolları/ton olub. Bu göstərici ötən ilin eyni dövründəki 416 ABŞ dolları/ton ilə müqayisədə 148,5% yüksəkdir.
Ən böyük ixrac bazarı Ukrayna olub. Bu ölkəyə 54 min ton dizel göndərilib və ixracın dəyəri 59,6 milyon dollar təşkil edib. İkinci yerdə Liviya qərarlaşıb. Bu ölkəyə ixrac edilən 49,2 min ton dizelin dəyəri 61,8 milyon dollar olub. Üçüncü ən böyük bazar isə Gürcüstan olub. Gürcüstana 43,3 min ton dizel ixrac edilib və bunun dəyəri 38,5 milyon dollar təşkil edib.
Ötən ilin eyni dövrü ilə müqayisədə ixrac coğrafiyasında ciddi dəyişikliklər baş verib. 2025-ci ildə əsas alıcı Türkiyə idi və bu ölkəyə 84,3 min ton dizel ixrac olunmuşdu. Cari ildə isə Türkiyəyə ixrac 7,2 min tona enərək təxminən 91% azalıb. Əvəzində Ukraynaya ixrac həcmi təxminən 9,7 dəfə, Liviyaya isə 36 dəfədən çox artıb. Bundan başqa, 2026-cı ildə Bolqarıstan, Rumıniya, Ermənistan, Qazaxıstan və Türkmənistan da Azərbaycan dizelinin əsas alıcıları sırasında yer alıb.






