2026-cı ilin yanvar-may aylarında Azərbaycan 124 min ton azot gübrələri (karbamid) ixrac edib. İxracın dəyəri 53,5 milyon ABŞ dolları təşkil edib. Ötən ilin eyni dövrü ilə müqayisədə ixracın həcmi 54%, dəyəri isə 32,2% azalıb. Banker.az xəbər verir ki, 2025-ci ilin ilk beş ayında ölkə 269,4 min ton məhsul ixracından 78,9 milyon dollar gəlir əldə etmişdi.
Bununla belə, ixrac qiymətlərində artım müşahidə olunub. Hesablamalara əsasən, 2026-cı ilin ilk beş ayında karbamidin orta ixrac qiyməti 431 ABŞ dolları/ton olub. Bu göstərici ötən ilin eyni dövründəki 293 ABŞ dolları/ton ilə müqayisədə 47,2% yüksəkdir.
Azərbaycanın ən böyük ixrac bazarı əvvəlki kimi Ukrayna olub. Hesabat dövründə bu ölkəyə 85,7 min ton karbamid ixrac edilib ki, bu da ümumi ixracın təxminən 69%-ni təşkil edib. Bunun dəyəri 35,3 milyon ABŞ dolları olub. Bununla belə, Ukraynaya ixracın həcmi ötən ilin eyni dövrü ilə müqayisədə 54,4% azalıb.
İkinci ən böyük bazar Hindistan olub. Bu ölkəyə 14,2 min ton məhsul ixrac edilib və ixracın dəyəri 9,0 milyon dollar təşkil edib. Maraqlıdır ki, Hindistan ötən ilin ilk beş ayında Azərbaycan karbamidinin alıcıları sırasında yer almırdı. Əvəzində 2025-ci ildə əsas bazarlar sırasında olan Kanada (44,2 min ton), Argentina (22,4 min ton) və Uruqvay (5 min ton) kimi ölkələrə ixrac dayanıb.
Rumıniyaya ixrac isə əksinə artıb. Bu ölkəyə göndərilən məhsulun həcmi 5,1 min tondan 10,6 min tona yüksələrək 108% artıb. Türkiyəyə ixrac 26%, Gürcüstana isə 27% azalıb.
Ölkələr üzrə karbamid ixracındakı dəyişikliklər (illik müqayisə)
| Ölkə | 2025 (ton) | 2026 (ton) | Dəyişiklik |
|---|---|---|---|
| Ukrayna | 188 150,65 | 85 740,95 | -54,4% |
| Hindistan | – | 14 244,35 | Yeni |
| Rumıniya | 5 072,05 | 10 570,30 | +108,4% |
| CAR | – | 3 330,00 | Yeni |
| İsrail | – | 2 998,80 | Yeni |
| Böyük Britaniya | – | 2 672,00 | Yeni |
| Türkiyə | 3 960,00 | 2 930,40 | -26,0% |
| Yunanıstan | – | 1 020,10 | Yeni |
| Gürcüstan | 592,61 | 433,20 | -26,9% |
| Qazaxıstan | – | 65,55 | Yeni |
| İtaliya | – | 22,50 | Yeni |
| Kanada | 44 249,45 | – | İxrac dayanıb |
| Argentina | 22 407,75 | – | İxrac dayanıb |
| Uruqvay | 5 009,75 | – | İxrac dayanıb |







