II və III ixtisas qrupları üzrə iyulun 5-də keçirilmiş qəbul imtahanının nəticəsini elan edilib.
Bu barədə Dövlət İmtahan Mərkəzi məlumat yayıb.
Belə ki, imtahanda iştirak etmək üçün ərizə təsdiq etmiş 41623 abituriyentdən (II qrup üzrə 18908 nəfər, III qrup üzrə 22715 nəfər) 1182 nəfər (II qrup üzrə 649 nəfər, III qrup üzrə 533 nəfər) imtahanda iştirak etməyib. İmtahanda iştirak edən abituriyentlərdən 16 nəfər qaydaları pozduqlarına görə imtahandan xaric olunub və nəticələri ləğv edilib.
Bu imtahanda II ixtisas qrupu üzrə ən yüksək nəticəni 400 bal toplayan Laçın rayon Oğuz tam orta məktəbinin məzunu İsbəndiyarlı Paşa Araz oğlu göstərib. O, imtahanın birinci mərhələsində 277.3 bal toplayıb. Hər iki mərhələnin cəminə görə II ixtisas qrupu üzrə 690 bal toplamaqla ən yüksək nəticəni göstərən abituriyent isə Sumqayıt şəhəri 35 saylı orta məktəbin məzunu Kərimov Zamin Ramin oğludur. O, imtahanın birinci mərhələsində 297.5, ikinci mərhələsində isə 392.5 bal toplayıb.
İmtahanda III ixtisas qrupu üzrə ən yüksək nəticəni 400 bal toplayan 3 nəfər – Sumqayıt şəhəri Təbiət Elmləri Təmayüllü Gimnaziyanın məzunu Məmmədzadə Əli Musa oğlu, Şəmkir rayonu Kür qəsəbə orta məktəbinin məzunu Məmmədova Aydan İxtiyar qızı, Abşeron rayonu Saray qəsəbə 1 saylı orta məktəbin məzunu Mənsimli Orxan Zaur oğlu göstərib. Məmmədova Aydan İxtiyar qızı imtahanın birinci mərhələsində 279.6, Mənsimli Orxan Zaur oğlu 276.1 bal toplayıb. Məmmədzadə Əli Musa oğlu isə hər iki mərhələnin cəminə görə 689.6 bal toplamaqla III ixtisas qrupu üzrə ən yüksək nəticəni göstərən abituriyentdir. O, imtahanın birinci mərhələsində 289.6 bal toplayıb.
Xatırladaq ki, imtahanın I mərhələsində maksimal olaraq 300, II mərhələsində isə 400 bal toplamaq mümkündür. Müsabiqə hər iki mərhələdə toplanılan balların cəminə görə aparılır.
İmtahan nəticələri ilə bağlı müraciətlərə baxılması üçün DİM-də Apellyasiya Komissiyası fəaliyyət göstərəcək. Apellyasiya Komissiyasına müraciət etmək istəyənlər 20 iyul saat 10:00-dan 22 iyul saat 17:00-dək tarixlərində DİM-in saytında yerləşdiriləcək elektron ərizəni doldurmaqla qeydiyyatdan keçə bilərlər. Göstərilən müddət ərzində qeydiyyatdan keçməyənlər sonradan Apellyasiya Komissiyasına müraciət edə bilməyəcəklər.







