Si Cinpin süni intellekt sahəsində ABŞ-yə meydan oxuyur

Cümə günü Şanxayda keçirilən Ümumdünya Süni İntellekt Konfransında (WAIC) Çinin Sədri Si Cinpin Pekini süni intellekt sahəsində qlobal nizamın yeni lideri kimi təqdim edib. O, bununla süni intellekt (AI) sahəsində texnoloji liderlik yarışında həlledici məqamda Pekini Vaşinqtona alternativ kimi təqdim edib.

“Reuters” agentliyinin məlumatına görə, Çin lideri WAIC-in açılış mərasimindəki çıxışında ölkələri açıq mənbəli süni intellekt tərəfindən təqdim edilən “tarixi fürsətdən” yararlanmağa çağırıb və inkişaf etməkdə olan ölkələrə AI imkanlarını inkişaf etdirməyə kömək edəcəyinə söz verib. O, bu texnologiyaya qeyri-bərabər çıxışla bağlı yeni tarixi ədalətsizliklərin ortaya çıxmasına qarşı xəbərdarlıq edib.

Bu bəyanatlar Si Cinpinin Çinin qlobal süni intellekt idarəçiliyini formalaşdırmaq istəyinin bu günə qədər ən aydın ifadəsinin təzahürüdür. O, ölkəsinin açıq mənbəli modellərini qlobal ictimai sərvət kimi təqdim edir.

Çinin dövlət mediası Pekinin süni intellekt strategiyasını ABŞ-nin “AI sahəsində dəmir pərdə” qurmaq cəhdinə cavab kimi səciyyələndirib.

CCTV dövlət televiziyasına cümə axşamı günü verdiyi şərhdə tanınmış sosial media istifadəçisi Yuyuan Tantian bildirib ki, Çin bütün bəşəriyyətin və ölkələrin gücünü birləşdirərək açıq, inklüziv süni intellekt ekosistemi yaratmaqla, fərqli bir nizam qurmağa çalışır.

Cümə günü Pekində yerləşən “Moonshot AI” startapı ABŞ hökumətinin təhlükəsizlik problemləri səbəbindən “Anthropic”in qabaqcıl süni intellekt modellərini qəfil geri çağırmasından bir ay sonra parametr sayına görə dünyanın ən böyük açıq süni intellekt modeli adlandırdığı “Kimi K3”ü təqdim edib.

Si Cinpin, həmçinin süni intellekt sistemlərinin insan nəzarəti altında qalmasına çağırıb, həmçinin ölkələri AI ilə əlaqəli riskləri idarə etmək üçün erkən xəbərdarlıq və təcili yardım mexanizmləri yaratmağa dəvət edib. Bu, Çin liderinin süni intellekt təhlükəsizliyi ilə bağlı bu günədək verdiyi ən açıq bəyanat olub. O, həmçinin insan nəzarətindən yayınmağa qadir olan muxtar süni intellekt sistemlərinin yaratdığı təhlükələr barədə xəbərdarlıq edib.

MənbəAZƏRTAC
Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər