İran ordusu çərşənbə axşamına keçən gecə pilotsuz uçuş aparatlarından (PUA) istifadə etməklə Bəhreyndə yerləşən və ABŞ Hərbi Dəniz Qüvvələrinin 5-ci Donanmasına aid obyektlərin olduğu Şeyx İsa hərbi bazasına zərbə endirib.
“Səhər saatlarından etibarən “Arash” kəşfiyyat-zərbə PUA-ları bir neçə mərhələdə Bəhreyndəki Şeyx İsa bazasında ABŞ ordusunun qüvvələrinin yerləşdiyi ərazilərə hücum edib”, – İran ordusunun mətbuat xidmətinin bəyanatında deyilir.
Qeyd olunur ki, Şeyx İsa bazası ABŞ Hərbi Dəniz Qüvvələrinin 5-ci Donanmasının əsas obyektlərindən biridir. Bazadan hava əməliyyatlarının həyata keçirilməsi və pilotsuz uçuş aparatlarının idarə olunması üçün istifadə edilir.
ABŞ-İran qarşıdurmasının növbəti eskalasiyası iyulun 8-də başlayıb. ABŞ Silahlı Qüvvələri Vaşinqton və Tehran arasında memorandumun imzalanmasından sonra ilk dəfə olaraq, Hörmüz boğazında ticarət gəmisinə hücuma cavab olduğu iddiası ilə İran ərazisinə bir neçə silsilə zərbə endirib.
Həmin gün ABŞ prezidenti Donald Tramp İranla atəşkəsin başa çatdığını açıqlayıb. Cavab tədbirləri çərçivəsində Tehran Bəhreyn, İordaniya, Qətər, Küveyt, BƏƏ və Oman ərazisində yerləşən ABŞ obyektlərinə zərbələr endirməyə başlayıb.







