Goldman Sachs Hörmüz boğazında gəmiçiliyin pozulması səbəbindən Brent markalı neftin qiymətinin bir barel üçün 120 dollaradək yüksələ biləcəyini proqnozlaşdırır. Yaxın Şərqdə gərginliyin azalmasını və dördüncü rübdə neftin orta qiymətinin 80 dollar təşkil etməsini nəzərdə tutan baza ssenarisinə baxmayaraq, analitiklər proqnozlarla bağlı risklərin yüksək olaraq qaldığını bildirirlər.
Goldman Sachs ekspertləri Yaxın Şərqdə vəziyyətin sabitləşəcəyi təqdirdə Brent neftinin orta qiymətinin dördüncü rübdə 80 dollar, gələn il isə təxminən 75 dollar olacağını gözləyirlər. Bununla belə, onlar Hörmüz boğazında və ehtimal ki, Qırmızı dənizdə gəmiçiliklə bağlı mümkün fasilələrin riskləri əhəmiyyətli dərəcədə artıra biləcəyini vurğulayırlar.
Bu ay qlobal enerji bazarlarında yenidən yüksək volatillik müşahidə olunub. ABŞ ilə İran arasında münaqişənin kəskinləşməsi, eləcə də İranın dəstəklədiyi husi qüvvələrinin Səudiyyə Ərəbistanından Qırmızı dəniz vasitəsilə tədarükü bloklamaq təhdidləri fonunda Brent neftinin qiyməti 91 dolları ötüb. Bu marşrutlar Fars körfəzindən neftin alıcılara çatdırılmasında mühüm rol oynayır.
Goldman Sachs analitikləri qeyd edirlər ki, ikinci rübdə qlobal neft ehtiyatlarının azalması bazarın təklif şoklarına qarşı həssaslığını artırıb. Bununla belə, Çinin idxalının zəifləməsi və tələbin daha yüksək elastikliyi nəzərə alınmaqla, qiymətlərin bundan sonra yüksəlməsi potensialı məhdud ola bilər.
Çərşənbə axşamı ABŞ və İran arasında diplomatik səylər fonunda neft qiymətləri bir qədər aşağı düşüb. Vasitəçilər iyunun 17-də imzalanmış müvəqqəti razılaşmanı qorumaq və fevralın 28-də ABŞ-İsrail hücumlarından sonra başlayan münaqişənin uzunmüddətli həllinə yol açmaq məqsədilə Tehrana on günlük atəşkəs təklif ediblər.
İranın yüksək vəzifəli rəsmisi Reuters-ə bildirib ki, Tehran atəşkəs təklifi alıb. Təşəbbüs müvəqqəti razılaşmanın qorunmasına və uzunmüddətli sülh sazişinin əldə olunması üçün şərait yaradılmasına yönəlib. Münaqişə ABŞ və İsrailin İrana hücumlarından sonra başlayıb. Tehran buna İsrailə və Fars körfəzi ölkələrindəki ABŞ bazalarına zərbələrlə cavab verib.
Diplomatik səylər ABŞ-nin İrana növbəti gecə zərbələri və İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) ABŞ hərbi obyektlərinə cavab hücumlarından sonra aktivləşib. ABŞ Mərkəzi Komandanlığı İrana qarşı yeni zərbələr seriyasının başladığını açıqlayıb.
ABŞ prezidenti Donald Tramp İranın amerikalı hərbçilərin ölümünə görə “bədəl ödəyəcəyini” bildirib. İrana endirilən zərbələr ardıcıl onuncu hücum olub. İran isə buna Küveytə hücumlarla cavab verib.
ABŞ və İsrailin İrana hücumları fevralın 28-də başlayıb. Tehran İsrailə və ərazisində ABŞ hərbi bazaları yerləşən ölkələrə zərbələrlə cavab verib. Münaqişə minlərlə insanın ölümünə və milyonlarla insanın yaşayış yerlərini tərk etməsinə səbəb olub. ABŞ-ın İrana və İsrailin münaqişə zamanı Livana endirdiyi zərbələr ciddi fəsadlara yol açıb.
Son bir həftə ərzində Tramp İrana zərbələrin miqyasını genişləndirməklə, o cümlədən enerji obyektlərini və körpüləri hədəfə almaqla hədələyib. 1949-cu il Cenevrə Konvensiyaları mülki əhali üçün həyati əhəmiyyət daşıyan obyektlərə hücumları qadağan edir. ABŞ-də beynəlxalq hüquq üzrə ekspertlər daha əvvəl bu cür hücumların müharibə cinayəti kimi qiymətləndirilə biləcəyi barədə xəbərdarlıq ediblər.







