Azərbaycanda fəaliyyət göstərən bankların ipoteka kreditləri portfelinin həcmi 2026-cı ilin ikinci rübünün sonuna 4 milyard 723,2 milyon manata çatıb. Bu, ilin əvvəli ilə müqayisədə 7% artım deməkdir.
Banker.az-ın tərtib etdiyi renkinqə görə, ipoteka kreditləri portfelinin həcminə görə ilk sırada ABB qərarlaşıb. Bankın ipoteka kreditləri portfeli 1 milyard 777,5 milyon manat təşkil edib ki, bu da ilin əvvəli ilə müqayisədə 14,6% artım deməkdir.
İkinci yerdə Kapital Bank 586,1 milyon manat ipoteka kreditləri portfeli ilə qərarlaşıb. Bankın bu göstəricisi ilin əvvəli ilə müqayisədə 0,8% azalıb. İlk üçlüyü isə Xalq Bank tamamlayıb. Bankın ipoteka kreditləri portfeli 525,1 milyon manat olub ki, bu da ilin əvvəli ilə müqayisədə 1,2% azalma deməkdir.
İlk üç bankın ümumi ipoteka kreditləri portfeli 2 milyard 888,8 milyon manat təşkil edib ki, bu da sektor üzrə ipoteka kreditlərinin 61,2%-nə bərabərdir. İlin əvvəlində bu göstərici 60,8% olub. Beləliklə, ilk üçlüyün bazar payı 0,4 faiz bəndi artıb.
İlin əvvəlindən ipoteka kreditləri portfelini ən yüksək templə artıran bank AccessBank olub. Bankın ipoteka kreditləri portfeli 25,5% artıb. Sonrakı yerlərdə Ziraat Bank Azərbaycan (24,1%), ABB (14,6%), Yelo Bank (8,2%) və Unibank (7,9%) qərarlaşıb.








