Bu günlərdə Azərbaycanın 3 bankı qlobal “Euromoney” jurnalının mükafatlarını qazandı. “Awards for Excellence 2026” seçimində ABB ölkə üzrə “İlin ən yaxşı bankı” elan edildi. “Paşa Bank” ASC “Azərbaycanın iri korporativ bizneslər üçün ən yaxşı bankı” nominasiyasının qalibi oldu. “Bank Respublika” ASC isə “Azərbaycanın ən yaxşı kiçik və orta sahibkarlıq bankı” adına layiq görüldü.
“Euromoney”, “The Banker”, “Global Finance” kimi beynəlxalq nəşrlərin mükafatları bankların maliyyə göstəricilərini, idarəetməsini, innovasiya səviyyəsini, rəqəmsallaşmasını və bazar təsirini kompleks qiymətləndirir. Bu seçimlər bankların müraciətləri əsasında, onların müvafiq suallara əhatəli cavabları və müsahibələr əsasında aparılır.
Məsələn, “Euromoney” jurnalının “İlin ən yaxşı bankı” mükafatının bəzi illərdə (2020, 2021, 2022, 2023) Azərbaycanda heç bir banka təqdim olunmaması müraciət etmiş bankların göstəricilərinin müvafiq seçim meyarlarına uyğun gəlmədiyinə dəlalət edir.
Bu baxımdan, xüsusilə bütün qiymətləndirmə kateqoriyalarını əhatə edən “İlin ən yaxşı bankı” nominasiyası üzrə son 15 ilin nəticələri Azərbaycanın bank sektorunda bu sahədə tendensiyanın, liderliyin zamanla necə dəyişdiyini göstərir.
Qeyd edək ki, təxminən 15 il əvvələ qədər beynəlxalq mükafatlarda daha çox AccessBank ön planda idi. Sonrakı dövrdə isə balans dəyişməyə başladı.
Aşağıdakı infoqrafika son illərdə həm “Euromoney”, həm “The Banker”, həm də “Global Finance” kimi nüfuzlu platformaların qiymətləndirmələrində vəziyyətin necə dəyişdiyini göstərir:
Euromoney
1989-cu ildə Böyük Britaniyada təsis edilən Euromoney beynəlxalq bankçılıq, kapital bazarları, investisiya və korporativ maliyyə sahələrini işıqlandıran ən nüfuzlu maliyyə nəşrlərindən biridir. Oxucu auditoriyasına bank rəhbərləri, investorlar, tənzimləyici qurumlar və iri korporasiyalar daxildir.
- 1992-ci ildən keçirilir.
- 100-dən çox ölkə üzrə qaliblər müəyyən edilir.
- Ən nüfuzlu nominasiya “Best Bank” (İlin ən yaxşı bankı) hesab olunur.
- Bundan əlavə, “Best Corporate Bank”, “Best SME Bank”, “Best Digital Bank”, “Best Investment Bank”, “Best Private Bank” və digər kateqoriyalar mövcuddur.
- Qiymətləndirmə bankların təqdim etdiyi müraciətlər, maliyyə nəticələri, bazar göstəriciləri, innovasiya, rəqəmsallaşma, korporativ idarəetmə və redaksiya araşdırmaları əsasında aparılır.
Bu mükafat bank sektorunda “ən nüfuzlu redaksiya mükafatlarından biri” kimi qəbul edilir.
“The Banker”
“The Banker” 1926-cı ildə Londonda yaradılıb və dünyanın aparıcı biznes-media qruplarından biri olan “Financial Times Group“a daxildir.
Nəşr bankçılıq sektoru üzrə analitik yazıları, reytinqləri və statistik araşdırmaları ilə tanınır.
- 2000-ci ildən təşkil olunur.
- Dünyanın 120-dən çox ölkəsi üzrə qaliblər seçilir.
- Əsas mükafat “Bank of the Year” hesab edilir.
- Qiymətləndirmədə maliyyə göstəriciləri ilə yanaşı:
- strateji inkişaf,
- yeni məhsullar,
- müştəri bazasının genişlənməsi,
- rəqəmsal xidmətlər,
- dayanıqlı inkişaf,
- idarəetmə keyfiyyəti nəzərə alınır.
“The Banker” mükafatı bank sektorunda ən çox istinad edilən beynəlxalq mükafatlardan biridir.
“Global Finance”
“Global Finance” 1987-ci ildə ABŞ-da yaradılıb və dünyanın 160-dan çox ölkəsində oxucu auditoriyasına malik beynəlxalq maliyyə jurnalıdır.
Nəşr bankçılıq, xəzinədarlıq, beynəlxalq maliyyə və kapital bazarları üzrə araşdırmalar dərc edir.
Ən məşhur mükafat proqramı “World’s Best Banks” seçimidir.
Burada müxtəlif nominasiyalar təqdim olunur:
- Best Bank
- Best Consumer Bank
- Best SME Bank
- Best Digital Bank
- Best Corporate Bank
- Best Investment Bank
- Best Islamic Financial Institution
- World’s Best Treasury & Cash Management Banks və s.
Qiymətləndirmə zamanı:
- aktivlərin artımı,
- gəlirlilik,
- kapitalın səmərəliliyi,
- texnoloji yeniliklər,
- məhsul müxtəlifliyi,
- müştəri məmnuniyyəti,
- ekspert rəyləri və bazar araşdırmaları nəzərə alınır.








